Səfər Mehdiyevin əmlakları müsadirə olunacaqmı?backend

Səfər Mehdiyevin əmlakları müsadirə olunacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi Səfər Mehdiyevin özü ilə bərabər ətrafından da təmizlənir. Bəziləri işdən uzaqlaşdırılır, bəziləri isə həbs edilir. Bəs Səfər Mehdiyev işlədiyi müddətdə qeyri – qanuni əldə etdiyi vəsaitlərin, daşınar və daşınmaz əmlakların aqibəti necə olacaq? S. Mehdiyev hüquqi baxımdan hansı halda qeyr-qanuni qazanclarının hesabatını vermək məcburiyyətindədir?

NOCOMMENT.az xəbər verir ki, bu suallarla bağlı hüquqşunas Əsabəli Mustafayev Yenisabah.az-a açıqlamasında bildirib ki, Mehdiyev barədə cinayət işi açılmadan öz adına olan heç bir mülkü əlindən alına bilməz:

“Hazırda elə bir hüquqi vasitə yoxdur ki, cinayət məsuliyyətinə cəlb olunmamış şəxsin əmlakı müsadirə edilərək əlindən alınsın. Bu yalnız cinayət işinin tərkibində ola bilər. Cinayət araşdırmasından sonra məlum olmalıdır ki, hər hansı qanunsuz gəlirlə əldə edilən mülk onun ya da ona məxsus olan amma digərlərinin adına rəsmiləşdirilib. Bu sübut olunsa, hökmlə birlikdə həmin əmlakın müsadirə edilib əlindən alına bilər”.

Ə. Mustafayev hesab edir ki, Mehdiyevi həbs etmədən yalnız vergidən yayınmaya görə cəzalandırılması mümkündür:

“Ola bilər ki, məbləğindən asılı olaraq vergidən yayınmaya görə cərimə edilərək hər hansı vəsait əlindən alına bilər. O da təxminən 50.000 manat civarında vergi cəriməsini ödəyərək məsuliyyətdən yayına bilər.

Əgər məbləğ 50.000-dən yuxarıdırsa artıq qanuni əsaslarla vətəndaşa cinayət işi açılaraq həbs edilir. Məsələ ondadır ki, vəzifəli şəxslər öz əmlaklarını əsasən öz adlarına rəsmiləşdirmirlər. Yaxınlarının adına rəsmiləşdirirlər, məsələn həbs edilən qaynını buna sübut olaraq göstərə bilərik (red: işdən azad edilən Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb).

İndi onun qaynının və digərlərinin adına böyük miqdarda əmlaklar alınıb. Halbuki onların çoxunun heç bir vəzifəsi yoxdur. Ona görə də biz illərdir deyirik ki, korrupsiya ilə mübarizənin real aparılmasını istəyən hər vətəndaş ölkədə vergi bəyannaməsinin tətbiq edilməsini istəyir. Hər bir şəxsə bu tətbiq edilməlidir. Məsələn, illərdir qonşularımızda bu tətbiq edilir. Rusiyada, Ermənistan, Gürcüstanda və digər ölkələrdə bu qanun var. Bizdə də belə bir qanun var, sadəcə o qanunun qüvvəyə minməsi 20 il qabaq təxirə salınıb. Korrupsiya əleyhinə qanun var hansı ki, o qanunda buna aid bir bənd göstərilib. Orda deyilir ki, məmurlar vergi bəyənnaməsini verməlidir. Təəssüf ki, o qanunun qüvvəyə minməsi qeyri müəyyən müddətə təxirə salındı”.

Hüquqşünasın fikrinə görə problemin kökü məmurlardan müsadirə olunan mülklərin lazimi yerə getməməsindədir:

“Məmurlar mülklərini elə şəxslərin adına rəsmiləşdirirlər ki, o mülkün ona aid olduğunu sübut eləmək olmur. Hər bir halda qeyri-rəsmi də olsa ondan o əmlakı alırlar. Çünki hüquq rəsmi formada o mülkiyyətin həmin şəxsdən alınmasına imkan vermir. İllərdir eşidirrik ki, hansısa məmurun əlindən hər hansı mülk alınaraq müsadirə edildi.

Yaxşı, deyək ki, bir şəxsin şadlıq sarayını dövlət müsadirə etdi. O şadlıq sarayı auksiona çıxarılırmı? Bəs başqa-başqa şəxslərdən müsadirə edilən pullar hara gedir? Axı o pul büdcəyə daxil edilə bilməz. Bəs hara, kimin hesabına keçirilir? Təbii ki, birindən alınıb başqa şəxsə verilir. Nə vaxt eşitmişik ki, hansısa məmura məxsus olan şadlıq sarayı, ticarət mərkəzi, istirahət mərkəzi auksiona çıxarılaraq satılıb. Belə bir nümunə var praktikamızda? Yoxdur. Bəzən oxuyuruq ki, köhnə MTN-çilərin filan qədər mülkiyyəti əlindən alındı. Hara getdi o pullar? Nə vaxt eşitdik ki, o mülklər hansısa xeyriyyə məqsədi üçün istifadə edildi, hansısa auksiona çıxarıldı?

Bu o deməkdir ki, həmin əmlaklar bir qrupun əlindən qeyri-qanuni olaraq digər qrupun əlinə keçir və bunun büdcəyə heç bir xeyri yoxdur. Ona görə də, Azərbaycanda təkcə məmurlar deyil, həm də ümumi əhalinin hamısı gəlir bəyannaməsi verməlidirlər. Bu ona gətirib çıxaracaq ki, artıq məmurlar hansısa mülkü başqasının adına rəsmiləşdirərək öz boynundan ata bilməyəcək. Çünki həmin adam işsiz olsa belə illik vergi bəyannaməsi verməlidir.

Bu zaman vergi orqanı baxacaq ki, bu adamın məsələn 200 manat aylıq qazancı amma böyük məbləğdə mülkü var. Ona görə də hesab edirəm ki, yalnız dövlət məmurları deyil 18 yaşı tamam olan hər kəs vergi bəyannaməsini təqdim etmək məcburiyyətində olmalıdır. Yalnız o zaman hüquq bizə imkan verəcək ki, hansısa şəxsin adına qeyri-qanuni şəkildə rəsmiləşdirilmiş mülkün onun əlindən alınıb büdcəyə qaytarılmasına nail ola bilək. Çünki bu xalqın malıdır, məmurun yox”.