Şəhid anası baxımsız qaldı – Mərkəzdən açıqlamabackend

Şəhid anası baxımsız qaldı – Mərkəzdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədə qanaxması diaqnozu ilə fevral ayının 21-də Kliniki Tibbi Mərkəzə yatırılan şəhidimiz Ağa Hacıyevin anası Mələk Hacıyevanın övladları göstərilən tibbi xidmətdən narazıdır.

Oğlu Seyidəli Hacıyev axar.az-a bildirib ki, ağır vəziyyətdə olan Mələk Hacıyevaya ayrılan çarpayı sınıq olub.

“Mələk xanım mədə qanaxması ilə Cərrahiyyə şöbəsinə köçürülüb. Cərrahiyyə şöbəsində bir neçə gün qalıb. Şöbə müdiri Nazim həkim deyib ki, bu xəstə bizim deyil və qastroenteroloji şöbədə yatmalıdır. Lakin qastroenteroloji şöbənin gecə növbəsində həkimlər olmadığı üçün xəstəni oraya qəbul etməkdən imtina ediblər. Xəstənin vəziyyəti pisləşəndən sonra reanimasiyaya köçürülüb. Reanimasiya şöbəsinin müdiri Ülviyə xanım xəstəyə yardım edildiyini və reanimasiyalıq olmadığı üçün onu Cərrahiyyə şöbəsinə geri qaytardıqlarını deyib. Cərrahiyyə şöbəsi də onların xəstəsi olmadığı üçün reanimasiyaya göndərib.

Reanimasiya şöbəsi yenidən xəstəni cərrahın üstünə qaytarıb. Cərrah da xəstəni köçürməkdən imtina edərək deyir ki, əgər xəstəyə müalicə lazımdırsa, onu köçürsünlər reanimasiyaya, yox əgər bir küncdə yatmaq lazımdırsa, qoy gəlib yatsın. Bir sözlə, xəstəxananın içində xəstəni bir şöbədən digərinə köçürməklə məşğuldurlar. Hazırda Mələk xanımın mədə qanaması dayanıb, reanimasiyadadır. Danışa bilmir, vəziyyəti ağırdır. Xəstə yaxınına xəstə barəsində məlumat verilmir. Deyirlər ki, iynələr pulla alınmalıdır. TƏBİB deyir ki, dərmanlar pulsuzdur. 8 gündür buradayıq. Heç bir irəliləyiş yoxdur”.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd isə bildirib ki, xəstəyə qarşı diqqətsizliklə bağlı iddialar həqiqəti əks etdirmir və vətəndaşın özünün də heç bir narazılığı yoxdur:

“TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsində müalicə olunan vətəndaş Mələk Hacıyevanın səhhətindəki narahatlıqları artdığı üçün təkrar Reanimasiya şöbəsinə qaytarılıb. Hazırda da vətəndaşın müalicəsi orada davam etdirilir, dərman və ya digər təchizatlarla bağlı isə heç bir problem yaşanmır. Mərkəzdə hər bir xəstəyə xüsusi həssaslıqla yanaşılır”.