Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Elvin Ağalar oğlu Qeybəliyevin övladı dünyaya gəlib.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhərində doğulan Məhəmmədəlinin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu məqsədlə 1 000 manat vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Qeyd edək ki, şəhid Elvin Qeybəliyevin üzünü görə bilmədiyi Məhəmmədəlidən başqa 4 övladı var. Kapitan Elvin Ağalar oğlu Qeybəliyev hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.