Şəki-Zaqatala bölgəsinə zərərverici həşəratlar hücum çəkib.
“Evin pəncərələrini açıq qoymaq mümkün deyil, həmin an evə doluşurlar. Zaqatalada az qala hər yerə sürü halında hücum ediblər. Vəziyyət çox acınacaqlıdır”, – sosial şəbəkə istifadəçilərindən biri yazıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qonşu dövlətlərdən Gürcüstan, Türkiyə, Qazaxıstanda, habelə Rusiyanın cənubunda yayılmış qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) 2021-ci ildə AQTA tərəfindən aparılan monitorinqlər zamanı Şəki-Zaqatala bölgəsində aşkar edilib.
Qeyd olunub ki, yüksək fitosanitar risk daşıyan sözügedən zərərvericinin aşkarlandığı ərazilərdə gözlənilən mənfi təsirlərin minimuma endirilməsi üçün agentlik tərəfindən aidiyyəti dövlət orqanlarına məktublar ünvanlanıb, işçi qruplar yaradılıb və təxirəsalınmaz tədbirlər planı hazırlanıb:
“2022-ci ildə AQTA tərəfindən ölkə üzrə bağacığın monitorinqi intensivləşdirilib və bu məqsədlə meyvə bağlarında feromon tələlər quraşdırılaraq mütəmadi izlənilməsi təmin edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli Sərəncamı ilə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı” təsdiq edilib.
Tədbirlər Planının icrası çərçivəsində agentlik tərəfindən aidiyyəti dövlət və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət Regional Əlaqələndirmə Mərkəzləri yaradılıb. Hazırkı dövrədək Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən zərərvericiyə qarşı sistemli monitorinq və mübarizə tədbirlərinin görülməsi davam etdirilir.
ədbirlər AQTA tərəfindən monitorinqlər aparılaraq feromon tələlərinin asılması, zərərvericinin ümumi populyasiya sıxlığına nəzarət edilməsi və sonrakı mübarizə tədbirlərinin təşkilinin təmin etdirilməsindən ibarətdir.
Mərkəzlər tərəfindən sahibkarlar və vətəndaşlarla müntəzəm görüşlər keçirilərək, zərərverici haqqında ətraflı maarifləndirmə işləri aparılır. Xüsusilə qeyd olunmalıdır ki, qəhvəyi mərmər bağacığının payız və qış dövrlərində qışlama yerlərinin aşkar edilərək mexaniki üsullarla məhv edilməsi vacib tədbirlərdən biridir, lakin bəzi hallarda vətəndaşlar tərəfindən bu mübarizənin aparılmasına çətinliklər yaradılır. Zərərverici qışlama dövrünü qapalı yerlərdə keçirdiyi üçün ona qarşı mübarizə aparılması öhdəliyi vətəndaşların üzərinə düşür”.
AQTA-nın məlumatında o da xüsusi vurğulanır ki, qəhvəyi mərmər bağacığı Gürcüstanın Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq istinadlara görə, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53-69 milyon ABŞ dolları həcmində ziyan vurub. Gürcüstanın müvafiq qurumları tərəfindən aparılan mübarizə tədbirləri, habelə zərərvericinin biologiyasına uyğun olaraq sentyabr ayının sonlarından qışlama üçün sığınacaq yerləri axtarması onun kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olur:
“Son günlər ölkənin müxtəlif bölgələrində ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bağacığın daha çox rast gəlinməsi də bununla əlaqədardır.
Qeyd edilməlidir ki, digər zərərvericilərdə olduğu kimi, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi yalnız aidiyyəti dövlət qurumlarının deyil, həm də sahibkarların və ailə təsərrüfatlarının öhdəliyidir. Buna görə də mübarizə tədbirlərində onların bilavasitə iştirakı zəruridir.
Bütün qeyd edilənlərdən aydın olur ki, müvafiq dövlət orqanları öz öhdəsinə düşən tədbirləri həyata keçirsə də, sahibkarlar, fermerlər və vətəndaşlar zəruri mübarizə tədbirlərini yerinə yetirmədiklərinə görə dövlət qurumları tərəfindən keçirilən mübarizə tədbirləri istənilən nəticəni vermir və bu da zərərvericinin artmasına səbəb olur”.
Məlumatda qeyd olunur ki, qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir:
“Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlama vaxtı yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.
Qeyd edək ki, beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri, əsasən, boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin Günəş işığı düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya iki-üç metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir.
Vətəndaşlar qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün AQTA-nın “1003” çağrı mərkəzinə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda, Regional Əlaqələndirmə mərkəzlərinin qaynar xəttinə (Qərb rayonları üzrə (099) 708-85-88, şimal-qərb rayonları üzrə (099) 308-85-88) zəng vura bilərlər.