Səlim Müslümovun nəyi vardı, indi nəyi qaldıbackend

Səlim Müslümovun nəyi vardı, indi nəyi qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması iki gün əvvəl başa çatdı. Hökmə əsasən, Səlim Müslümova 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəza verilib.

NOCOMMENT.az xəbər verir ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunmuşdu. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

İstintaq daha sonra məhkəmədə Səlim Müslümovun rüşvət olaraq 13 milyon 296 min 355 manat aldığı, 7 milyon 237 min 188 manat mənimsədiyi, 7 milyon 87 min 671 manat israf etdiyi təsdiq olunub. Səlim Müslümova Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilmişdi.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbayel Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə edilib.

– Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;

– Səbayel rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;

– Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;

– Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;

– Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;

– Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

– Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.

Səlim Müslümovun məhkəmə prosesi ən müxtəlif bəhanələrlə 1 ildən artıq uzadıldı. Bu müddət ərzində o, nazir olduğu dövrdə sahibləndiyi və istintaqla müəyyən edilmiş məbləğin 20 milyon manatı geri qaytardı. Məhkəmənin gedişatında isə onunla işbirliyində olmuş şirkətlərin əvəzindən də pul ödədi. Şirkətlərin əvəzindən 4 milyon 500 min manatı ödəməklə cinayətləri mütəşəkkil qaydada törədilməsini faktiki etiraf etmiş oldu.

Səlim Müslümovun xüsusi müsadirəyə götürülmüş əmlaklarının ən minimal qiymətləndirməyə əsasən dəyəri 8 milyon manatı aşır. Bu əmlakların satışı üzrə hərrac şəffaf keçirilərsə, bu məbləğin azı 3 dəfə artma ehtimalı böyükdür. Yəni xüsusi müsadirəyə götürülmüş Səlim Müslümova məxsus əmlakların real bazar dəyəri 25 milyon manatı aşa da bilər. Səlim Müslümov istintaqın müəyyən edə bildiyi büdcə talanını artıqlaması ilə ödəmək imkanına malikdir.

Bu qədər əmlakı haradan əldə etməsi sualı cavabsız olsa da, faktiki cavab ortadadır. Hökm elan edilən andan ictimaiyyət Səlim Müslümova verilmiş cəzanın onun əməllərinə mütənasibliyinə böyük şübhə ilə yanaşırlar. Dövlət büdcəsindən əhalinin aztəminatlı təbəqəsinə ayrılan milyonlarla vəsaiti, ümumilikdə 27 milyon manatı ələ keçirmiş bir məmura Azərbaycan məhkəməsinin loyallığı ciddi etiraz doğurub.

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, son zamanlar Azərbaycan məhkəmələrində iqtisadi cinayətlər üzrə ziyanı ödəyən şəxslərin barəsində həbslə əlaqəli olmayan cəzaların seçilməsi praktikası yaranıb: “Bəzi hallarda məsuliyyətdən belə azad edirlər. Əlbəttə ki, bu, korrupsiya cinayətlərinə aid deyil. Daha çox dələduzluq cinayətlərində belə yanaşma var. Bu iş isə korrupsiya cinayətidir və hər hansı bir qiymətverici mülahizə yeritmək üçün Azərbaycan məhkəmələrindəki digər işlərə baxılmalıdır. Məsələn, adi vətəndaş oğurluq edər və oğurladığını tam şəkildə qaytaranda, vurduğu ziyanı ödədikdən sonra azadlıqdan məhrum etmədən azad olunurmu? Hər gün məhkəmələrdə olan şəxs kimi deyirəm – xeyr, azad etmirlər!” Bəs xalqın dövlətə inamını sarsıdan məmura qarşı loyallığın sirri nədir?

Əkrəm Həsənov deyir ki, bu cür yanaşma digər korrupsioner məmurlar üçün “yaşıl işıq” yandırılmasına bərabərdir: “Bu gün vəzifədə olan korrupsioner məmurlar hökmlə tanış olub düşünəcəklər ki, hə də, ona nə oldu ki? Uzaq başı dövlətdən oğurladığım pulu qaytarıram, qalıram azadlıqda. Özü də hansı pulu qaytarıram? Sübut olunan pulu! Çünki korrupsiya yolu ilə büdcə pullarının ələ keçirilməsini sübut etmək asan iş deyil. Bu nöqteyi-nəzərdən çıxarılan hökm arzuolunan deyil”.