Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə veriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qaydaya əsasən, mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.
Qaydanın sərtləşməsi hansı zərurətdən doğub?
Rövşən Məhərrəmov
Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ümumilikdə dünyada münasibətləri son həddə qədər gərginləşdirib: “Ukrayna müharibəsində Tramp hakimiyyətinin tutuduğu mövqe dövlətlərarası münasibətlərə də yansıyır. Ona görə də bütün dünyada əvvəlki razılaşmalara, qaydalara yenidən baxılmasını zəruri edir. Ötən ilin sonunda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Çeçenstan səmasında vurulması, yaşadığımız faciə Azərbaycanı da həm də havadan müdafiə strategiyasına yenidən baxmağa vadar edir. Buna qədər ABŞ və bir sıra ölkələrdə bu qaydalar tətbiq olunurdu. Azərbaycanda da hava məkanını pozan, göyərtədə sərnişinlərin olması barədə yalan məlumat verən təyyarələrin vurulması bu baxımdan zəruruidir.
Təyyarələrin qaçırılması ilə müşahidə olunan terror hadisələri də dünyada dəfələrlə təkrar olunub. Bu baxımdan qabaqlayıcı addımların atılması zərurəti yaranıb. Buna görə də Nazirlər Kabineti “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda etdiyi dəyişiklik olundu. Dövlət sərhəddi havadan, qurudan, dənizdən qorunmalıdır. Əgər hava məkanına hər hansı bir məlumat vermədən, xəbərdarlıq etmədən uçuş aparatı, təyyarə daxil olursa, havadan müdafiə qüvvələrinin xəbərdarlığına məhəl qoymursa və ya yalan məlumatlar verirsə, bu halda hava məkanını pozan istənilən obyekt məhv ediləcək”.
Hərbi ekspert deyib ki, SSRİ dövründə Koreyaya məxsus təyyarə hava məkanını pozub və xəbədarlıqlara məhəl qoymadığından məhv edilmişdi: “1983-cü ildə Cənubi Koreyanın ”Korean Air” aviaşirkətinin “Boeing 747″ təyyarəsi səhvən uçuş dəhlizindən 560 kilomter aralanmışdı və SSRİ hava məkanına daxil olmuşdu. Koreya sərnişin təyyarəsi sovet ərazisində məxfi hərbi obyektlərin üzərindən uçduğundan 4 qırıcı təyyarə havaya qaldırılmışdı. Koreya təyyarəsinin pilotları xəbərdarlıq atəşlərinə məhəl qoymamışdılar və nəticədə təyyarəyə birbaşa atəş açılmışdı. Baş vermiş insident nəticəsində 269 nəfər həlak olmuşdu. Belə insidentlər tarixdə az deyil və dövlətlər hava məkanlarını etibarlı şəkildə qorumaq üçün sərt addımlar atmaq məcburiyyətindədirlər. Azərbaycan da istisna deyil”.\\“Yeni Müsavat”