Sensasion ifadə: Qaralov, Usubov bu cinayətə əllərini bulaşdırıblarbackend

Sensasion ifadə: Qaralov, Usubov bu cinayətə əllərini bulaşdırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirlik Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT-in teleqraf-a istnadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.

Əldə etdiyimiz məlumata görə, prosesdə zərərçəkmişlərdən Sərdar İsmayılov sərbəst ifadəsini davam etdirib: “Mənimlə Orxan Abdullayevə qarşı Cinayət Məcəlləsinin 29,192.2.2-ci (qanunsuz sahibkarlıq) və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə istintaqı qanunsuz olaraq davam etdirdilər. Elman Abid oğlu Məsimovu, Məcid Məhəmmədəliyeviç Anqubazovu, Əfsəl Xanlar oğlu Həsənəliyevi və Cahangir İbrahim oğlu Məmmədovu da qaçaqmalçılıq maddəsi ilə heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb etdilər. Təbii ki, bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün hamımız barəsində həbs qətimkan tədbiri seçmişdilər. Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb və bizim qanunsuz həbsimizə, girov götürülməyimizə, pulumuzun, malımızın alınmasına birbaşa şərait yaradıblar”.

Zərərçəkmiş daha sonra qeyd edib ki, bu gün məhkəmə salonunda mühakimə olunan Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparıb: “Bu adamlar o qədər harınlamışdılar ki, qanunlardan danışan bizə gülürdülər. Bu adam telefon danışıqlarımızın özünə sərf etdiyi hissələrini bizə dinlətdirirdi. Deyəndə ki, 1 dəqiqəlik danışığa tam qulaq asıb söhbətin nədən getdiyini aydınlaşdıraq, buna imkan vermirdi.

Yasin Məmmədovun bircə tələbi vardı – pul ver, səni azad edək. Pul verməsən burada çürüyəcəksən.

Mən 12 yaşından atasız böyümüşəm. Ailəmin – anam, bacım və qardaşımın gündəlik xərcləri 12 yaşımdan mənim üzərimdə olub. Çox çətin günlər görmüşəm. O illərdə ailəmi də götürüb Şəkidən Bakıya gəldim. Burada gecə-gündüz, isti-soyuq bilmədən işləyib ailəmə şərait qurmağa çalışdım. Bazarlarda fəhlə işlədim, pul qazandım, mağaza sahibi oldum. Çinlə ticari əlaqələr qurdum.

Bu adamlar haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrəniblər. Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Bu gün müttəhimlər kürsüsündə əyləşənlər belə də ediblər.

Mənə məxsus olan və cinayət yolu ilə ələ keçirilən mallar boşaldıldıqdan sonra Çingiz Ağayev anbarda malları saydırıb. O zaman bəlli olub ki, mallarda əskiklik var. Bunu Söhrab Mehtiyevə irad tutub. O da qardaşı oğlu Camalı Bakıxanov qəsəbəsində yerləşən və hazırda Vüqar Ülvi oğlu Cabbarovun adına rəsmiləşdirilən hamama – o zaman yarımtikili idi, ora aparıb. Söhrab Mehtiyev qardaşı oğlunu orada günlərlə ac-susuz saxlayıb döymüşdü. Hətta dişini də sındırmışdı. Camal Mehtiyevin əlində dişinin sındırılması haqda həkim rəyi də vardı.

Mən həbsdən azad ediləndən sonra Camal Mehtiyevlə görüşdüm. O, mallarımın Çingiz Ağayevlə Yaşar Cabbarova məxsus anbara daşınması, oradan kimlərə satış üçün verilməsi haqda tam məlumat verdi. Mənə mallarımın anbarda olmasını təsdiq edən fotoşəkilləri də təqdim etdi. Həmin fotoşəkilləri də məhkəməyə təqdim edirəm. Bizə qarşı qondarma cinayət işində mənə məxsus malların üzərindəki kodlarla həmin anbardakı qutuların üzərindəki kodlar dəqiqliyi ilə üst-üstə düşür.

Bu gün də bizə qarşı cinayətdə iştirak etmiş Çingiz Yəhya oğlu Ağayev və onun şəriki Yaşar Ülvi oğlu Cabbarov cinayət məsuliyyətindən kənarda saxlanılırlar. Satılan malların pulu 400 min dollardan yuxarı olub. Çingiz Yəhya oğlu Ağayev və onun şəriki Yaşar Ülvi oğlu Cabbarovun əli ilə həmin pul şəxsən Mövlam Şixəliyevə çatdırılıb. Çingiz Ağayevlə Ülvi Cabbarov şəxsən Mövlam Şıxəliyevin bazardakı 1 nömrəli adamları olub.

Bizə qarşı cinayət hazırlayan, iştirak edən Mövlam Şıxəliyev başda olmaqla Yasin Məmmədov və digərilərinin barəsində qanunun imkan verdiyi qədər sərt cəza verilməsini xahiş edirəm. Və malımın qaytarılması dəymiş maddi və mənəvi ziyanımın ödənilməsini tələb edirəm.

Növbəti proses yanvarın 25-də davam edəcək.