Sensasiya: MTN-in mühakimə olunan vəzifəli şəxsləri necə vəkil seçiliblər?backend

Sensasiya: MTN-in mühakimə olunan vəzifəli şəxsləri necə vəkil seçiliblər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində cinayət işi olduğu halda Vəkillər Kollegiyasına üzv qəbul olduqları məlum olub.

NOCOMMENT xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, barələrində cinayət işi üzrə istintaq araşdırması davam etdiyi bir vaxtda hər iki şəxs Vəkillər Kollegiyasına üzv seçilib.

Təqsirləndirilən şəxslərdən Yasin Məmmədov 2021-ci ilin dekabrında, Sahib Ələkbərov isə 2017-ci ildə Vəkillər Kollegiyasına üzv olublar.

Vətəndaşlara qarşı çeşidli cinayətlərdə adı hallanan şəxslər Vəkillər Kollegiyasının üzvü kimi vətəndaşların hüquqlarını müdafiə ediblər.

Faktı şərh edən Vəkillər Kollegiyasının üzvü Osman Kazımovun sözlərinə görə, həmin şəxslər imtahan verərkən barələrində cinayət işi üzrə istintaq aparıldığını, ağır cinayətlərə cəlb olunmalarını gizləyiblər. Belə bir şəraitdə onları Vəkillər Kollegiyasına qəbul ediblər. Barələrində hökm elan edildiyi halda Vəkillər Kollegiyasında mütləq çıxarılmalıdırlar.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Cinayət işinə Bakı Hərbi Məhkəməsində, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan şəxslərin barəsində cinayət işi üzrə araşdırma 2016-cı ildə başlanıb.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.