Sensasiya: Putinə dedim ki, bura sənin söyüşlərin üçün gəlməmişəm – Sarkozinin memuarıbackend

Sensasiya: Putinə dedim ki, bura sənin söyüşlərin üçün gəlməmişəm – Sarkozinin memuarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin iyul ayında Fransanın keçmiş prezidenti Nikola Sarkozinin “Fırtınalar zamanı” (Le Temps des Tempêtes) adlı memuar kitabı nəşr olunub. Keçmiş prezident kitabında 2008-ci ilin avqust ayında Rusiya və Gürcüstan arasında baş vermiş silahlı münaqişənin nizamlanmasında özünün vasitəçi kimi rolundan da bəhs edib.

Mən 2008-ci ilin avqust hadisələrinin ildönümü günündə bu kitabda yer alan hadisələrlə bağlı məqalə hazırlamaq istəyirdim. Tərslikdən həm 2020-ci, həm də 2021-ci ilin avqust ayının ilk günlərində məzuniyyətdə olduğum üçün bununla bağlı məqaləni hazırlamağa müvəffəq olmurdum. İndi həm Nikola Sarkozi, həm də Mixeil Saakaşvili gündəmdədir. Bu da taleyin bir ironiyasıdır ki, keçmiş prezidentlər dünya mediasının gündəminə həbs olunmaqları xəbəri ilə gəliblər. Bu iki şəxsin gündəmdə olması onların siyasi keçmişindən qırmızı xətlə keçən hadisənin də gündəmə gəlməsini zəruri edir. Beləliklə, N.Sarkozinin “Fırtınalar zamanı” kitabında 2008-ci ilin avqust müharibəsi ilə bağlı hissəni təqdim edirik.

Fransanın eks-prezidenti müharibədən 8 avqust 2008-ci ildə Pekin Olimpiadasının açılış mərasimində xəbər tutduğunu yazır: “Mən stadiona yenicə yerləşmişdim, baş diplomatik məsləhətçim Jan-David Levitt rəngi qaçmış və əsəbi şəkildə mənə yaxınlaşdı:

“Elə indicə çox pis bir xəbər almışıq. Rusiya ordusu Gürcüstan sərhədini keçir. Görünür, onlar ölkəni istila etmək istəyirlər”. Vladimir Putin məndən iyirmi metr aralıda əyləşmişdi. Mən nə baş verdiyini öyrənmək üçün dərhal ona yaxınlaşdım. Mən ondan vəziyyəti sakitləşdirmək üçün heç olmazsa, 48 saat verməsini istədim, amma soyuq şəkildə rədd cavabı aldım – “Yox, yox, yox!” Bizim olduğumuz yer belə söhbətlər üçün qətiyyən uyğun deyildi. Bundan əlavə, mən ictimai qalmaqal yaratmaq istəmədim”.

Sonra Sarkozi yazır ki, Çindən Fransaya qayıdanda o, işlərin “getdikcə daha da pisləşdiyini” öyrənib: “Rusiya ordusu Gürcüstan ərazisində idi və çox pis olan baş verirdi – Tbilisiyə doğru gedirdi. Hamı şokda idi. Mən Rusiya Prezidenti Medvedyevə zəng etmək qərarına gəldim”.

Sarkozi yazır ki, bu qərar onun müşavirləri arasında fikir ayrılığı yaradıb: “Onların bəziləri hesab edirdi ki, mən mütləq Baş nazir Putinlə – real olaraq qərar qəbul edən adamla danışmalyam. Bəziləri isə protokola əməl edilməli və prezidentə zəng etmək lazım olduğunu düşünürdü. Mən də Medvedyevə məhəl qoymamağın onu gülünc vəziyyətə salacağı qənaətində idim. Bununla yanaşı, mən bilirdim ki, əgər Putin istəsə, danışıqlara həmişə qoşula bilər.

Medvedyevlə danışmazdan əvvəl mən 8 avqustdan əvvəl mövcud olan status-kvonu bərpa etməyi nəzərdə tutan üç bənddən ibarət bir plan hazırladım. Medvedyev onun xarakterinə xas hərarətlə məni diqqətlə dinlədi, hərçənd ki, heç bir öhdəlik götürmədi.

Bu zaman rus qoşunları Gürcüstan ərazisində hücuma keçmişdilər. Avqustun 11-də onlar artıq Tbilisinin 25 kilometrliyində idilər. Mən artıq ən dəhşətli ssenarini təsəvür edirəm – Saakaşvilinin devrilməsi və onun Kreml tərəfindən Tbilisidə əkilmiş rusiyapərəst hökumətlə əvəzlənməsi. Corc Buş mənə zəng edərək planımı dəstəklədiyini, ancaq eyni zamanda rusların cəzalandırılmasını da tələb etdiyini söylədi. Bu cəza (xoşbəxtlikdən) hərbi müdaxiləni nəzərdə tutmurdu. Mən iki od arasına düşdüm: ruslar hesab edirdilər ki, mən gürcülərin tərəfindəyəm, amerikalılar və bəzi avropalılar isə düşünürdülər ki, mən ruslara münasibətdə çox barışdırıcı əhval-ruhiyyədəyəm. Əslində isə mən bərabər səviyyəli pozisiya seçmişdim”.

Bundan sonra Sarkozi Dmitri Medvedyevlə iki dəfə də danışıb: “Mən bilirdim ki, o, Kremldə qərar qəbul edən şəxs deyil. Ancaq mən onun Putinə etibar etdiyini də bilirdim. Qısası, mən onun tərəddüdündən istifadə etmək qərarına gəldim və va-bank getdim – mən ona danışıqları dərindən davam etdirmək üçün Moskvaya gələcəyimi təklif etdim. Səfər öncəsi mən ona yalnız bir şərt qoydum: “Gələcəm, amma mənim təyyarəm Moskvaya enəndə rus qoşunlarının dayandığı barədə rəsmi elanın verilməsini gözləyəcəm. Əks təqdirdə mən Moskvaya bir addım belə atmadan geri qayıdacağam”. Mənim bu zəmanətə ehtiyacım var idi, çünki komandamın bir hissəsi Moskvanın qurduğu tələyə düşə biləcəyimizdən qorxurdu”.

Pekindən qayıtdıqdan sonrakı üçüncü gün Sarkozi Moskvaya yola düşür.

“Təyyarə yerə enməzdən on dəqiqə əvvəl mən rəsmi məlumat aldım ki, Moskva öz tanklarına dayanmağı əmr edib. Mən dərindən rahat nəfəs aldım – səfər yaxşı başlayıb. Ancaq tankları dayandırmaq kifayət deyildi – indi onların geri çəkilmələri lazım idi! Prezident Medvedyev və Rusiyanın “əbədi” Xarici İşlər naziri Lavrov bizi gözləyirdi”.

Görüşdən dərhal sonra Medvedyev Sarkozini kənara çəkib soruşur ki, o, Putinin onların şam yeməyinə qatılmasına qarşı deyil?

“Əksinə, mən onu lap əvvəldən görsəm sevinərəm”. Mən hətta düşünürdüm ki, Putinin iştirakı işi asanlaşdıracaq – mənim rus generallarının Prezident Medvedyevin əmrlərinə tabe olacağına heç bir ümidim yox idi. Rusiya baş naziri haqqında isə bu sözü demək mümkün deyildi.

Sonra bir az şişmiş yanağı ilə Vladimir Putin peyda oldu. “Dözülməz diş ağrım var. Diş həkiminin yanından yenicə aralanmışam. Mən dəhşətli əhval-ruhiyyədəyəm”, – o dedi. Bu sözləri eşidəndə mən başa düşdüm ki, bu yaxşı heç nə vəd etmir. Biz kiçik bir masa ətrafında oturduq. Cəmi dörd nəfər idik – Jan-David Levitt, mən və iki rus lideri.

Paralel olaraq qonşu otaqda Sergey Lavrov, Bernar Kuşner (2007-2010-cu illərdə Fransanın Xarici İşlər naziri), Medvedyevin sağ əli Sergey Prixodko və mənim müşavirim Demien Loras birlikdə şam yeməyi yeyirdilər.

Şam yeməyi inanılmaz dərəcədə pis başladı. Putin uzun monoloq söylədi. O, ən azı on beş dəqiqə ərzində heç kimə bir söz deməyə imkan vermədi. Bu, Saakaşvilinin siyasəti, onun metodları, şəxsiyyəti ilə bağlı ittiham xarakterli çıxış idi. O, elə əsəbiləşmişdi ki, Gürcüstan Prezidentinin adını çəkərək bir neçə dəfə özündən çıxdı”.

Putinin bu monoloqu və jestikulyasiyası Sarkoziyə böyük təsir bağışlayır.

“Sonda o mənə nə az, nə çox, bunu dedi: “Onun işlətdiyi cinayətlər o qədər böyükdür ki, o indi olduğu yerdə qala bilməz. Mən onsuz da əsəbiləşməkdə xüsusi fərqlənən adam deyiləm, ancaq bütün bunlar məni səbrimi tamamilə itirməyə məcbur etdi. Mən çətinliklə onun sözünü kəsdim, özümdən çıxdım və dedim: “Mən Fransanı BMT üzvü olan bir ölkənin rəhbərinin ünvanına sənin söydüyün söyüşlərini dinləmək üçün tərk etməmişəm. Bu çətin situasiyadan çıxış yolu tapmağınıza kömək etmək üçün məni bura gətirən xoş niyyətim idi. Elə bir situasiya ki, ondan hamı uduzmuş vəziyyətdə çıxacaq. Sən heç nə başa düşmək istəmirsən? Lap yaxşı – onda mən geri qayıdıram”.

Sarkozi yazır ki, o, pörtmüş və əsəbi şəkildə ayağa qalxıb, stulda asılmış pencəyini götürüb və çıxışa doğru gedib.

“Yaxşı, bəs sən hara gedirsən?” – mən Putinin çaşqın səsini eşitdim. “Mənim burada heç bir işim yoxdur. Mən bir söz deyə bilmirəm, sən heç nə eşitmək istəmirsən. Ona görə də mən mətbuata xəbər verəcəm ki, mənim missiyam tam fiasko ilə başa çatıb”, – mən cavab verdim. Putin ayağa qalxdı və bu dəfə daha nəzakətli tonda məndən danışıqların davam etdirilməsi üçün qalmağımı xahiş etdi. Mən danışıqların hələ başlamadığını qeyd etdim. Hərçənd ki, mən masaya ümidlə qayıtdım.

Putin davam etdi: “Mənim sənə bir sualım var: sənin dostun Buş Səddam Hüseyni asanda, sən barmağını da qaldırmadın. Mən sənə Saakaşvilinin qovulmasının lazım olduğunu deyəndə isə sən qalxıb getməyə hazırlaşırsan. Sənin bu ikili standartın nə ilə bağlıdır?”. “Aa, belə, demək sənin arzun bütün dünyanın üçdə ikisinin nifrət etdiyi Buş kimi qurtarmaq imiş”, – mən cavab verdim. “Mən sənin həyatının məqsədinin bu olduğunu bilmirdim!”.

Sarkozi yazır ki, bu sözləri eşidən Putin gülməyə başlayıb və deyib: “Zaçet!” Bundan sonra sakit söhbət başladı (Qeyd edək ki, “zaçet” rus dilindən tərcümədə “sizə lazım olan”, “nə lazımdırsa”, “ən çox” kimi mənalar verir)

“Onun diş ağrısı demək olar ki, keçmişdi, hər halda artıq onu narahat etmirdi. Nəhayət ki, mən qarşımda sakit və işgüzar bir insan gördüm. Mən ona başa salmağa çalışdım ki, bu münaqişə yalnız fəlakət gətirəcək. Dörd milyonluq bir ölkəni məhv etməklə Rusiya hansı avtoriteti əldə edəcək? Bizim söhbətimiz dörd saat davam etdi. Bu müddətdə heç kim səsini bir dəfə də ucaltmadı. Baxmayaraq ki, biz heç bir çıxış yolu tapmamışıq”.

Sarkozi daha sonra komandası ilə baş-başa qalır və altı maddədən ibarət sülh planı hazırlayır.

“Bu plana görə, Rusiya silahlı qüvvələri Gürcüstan ərazisini tərk etməli idi. Rus ordusu yalnız Cənubi Osetiya və Abxaziya ərazisində qaldı. Bu ideal çıxış yolu deyildi, ancaq ölkənin tamamilə işğal edilməsindən daha yaxşı idi. Putin, həmçinin, Abxaziya və Cənubi Osetiyanın gələcək statusunun Cenevrədəki Gürcüstan-Rusiya danışıqları formatında müəyyən edilməsinə razılıq verdi. Beləliklə, biz katastrofik ssenaridən qaça bildik”.

İndi Fransa Prezidenti gürcüləri inandırmalı idi. Sarkozinin təyyarəsi axşam saat 10-da Tbilisiyə enir. Onun sözlərinə görə, Gürcüstanın paytaxtı tam qaranlıq idi.

“Ölkədə müharibə gedirdi, işğalçının tankları hava limanından 25 kilometr aralıda idi. Mən bundan əvvəl heç vaxt cəbhə xəttinə bu qədər yaxın olmamışdım. Şəhərdə heç bir həyat əlaməti yox idi – hər yerdə sükut hökm sürürdü. İstisna parlament binası və prezident sarayı idi. Saray hündürdə dayanır və bina çox aqressiv şəkildə işıqlandırılmışdı, bu da qaranlıq ilə örtülmüş şəhərin qalan hissəsi ilə qəribə bir təzad yaradırdı”.

Prezident Sarkozi və nümayəndə heyəti Gürcüstan Prezidentinin kabinetinə girirlər.

“Saakaşvilinin kabinetində məni səmimi və emosional qarşıladılar. Litva, Polşa və Ukrayna prezidentləri də orada idi. Onlar orada olmaqla Gürcüstana dəstək olduqlarını bildirirdilər. Mən küncdə ayrı-ayrı dayanan iki nəfəri gördüm. Görünüşündən aydın olurdu ki, onlar gürcü deyillər. Mən onların kim olduqlarını və burada nə etdiklərini soruşdum. Mənə izah etdilər ki, bu iki nəfər Saakaşvilinin amerikalı məsləhətçiləridir. Mən dərhal onların otağı tərk etmələrini tələb etdim. Gürcüstan rəhbərləri ilə kənar şahidlər olmadan göz-gözə danışmaq istədim”.

Sarkozi qeyd edir ki, onun Tbilisidəki danışıqları böyük ehtimalla dinlənilirdi.

“Mən rusların Tbilisidə baş verənləri dəqiq bilmələri üçün kifayət qədər texnoloji və ya insan resurslarına malik olduqlarına bir an da şübhə etmirdim. Biz predmetli danışığa başlayanda artıq gecə yarısı idi. Mən izah etməyə çalışdım ki, Gürcüstan ya mənim planımı qəbul edəcək, ya da Tbilisi rusların əlinə keçəcək və bu müstəqil Gürcüstanın sonu olacaq”.

Sarkozi xatırlayır ki, Saakaşvili üçün danışıqlarda sazişdə Cənubi Osetiya və Abxaziyanın gələcək statusunun mütləq müzakirə predmeti olacağına dair punkt qəbuledilməz idi.

“Mən gecənin ilk saatında Medvedyevə zəng vurub bu punktun çıxarılmasını istədim. Bu, onlar üçün daha asan idi, xüsusilə ona görə ki, rus ordusu bu ərazidə qalırdı. Medvedyev cavab olaraq mənə görülən işlərə görə minnətdarlığını bildirdi. O, hər şey barədə açıq-aydın şəkildə məlumatlı idi. Gürcü sistemi məni Tbilisidə qəbul edənlərin təqdim etdiyindən fərqli olaraq Kremlin qulaqları üçün daha şəffafdır!”

Səxavət Həmid