İranın ali dini lideri Əli Xamenei vəziyyət kəskinləşəcəyi təqdirdə Tehrandan ölkəni tərk etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin kəşfiyyat hesabatına istinadən yaydığı məlumatda bildirilir.
Bildirilir ki, o, təxminən 20 nəfərlik qrupla — ailə üzvləri və ən yaxın köməkçiləri ilə birlikdə ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirməkdən imtina etdiyini hiss edərsə, paytaxtı tərk edəcək.
İsrail kəşfiyyatının sabiq əməkdaşı Beni Sabtinin sözlərinə görə, Xameneinin qaçış üçün əsas istiqaməti Moskva hesab olunur. Sabti qeyd edir ki, “onun faktiki olaraq başqa çıxış yolu yoxdur”.
“The Times” yazır ki, bu qaçış planı 2024-cü ilin dekabrında devrilmiş Suriya lideri Bəşər Əsədin ölkədən qaçması təcrübəsi əsasında hazırlanıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədli qeyd edib ki, Venesuelada baş verənlər ABŞ ilə hesablaşmayan rejimlərin sonunun oxşar olduğunu göstərdi. Vaşinqton istədiyi vaxt bir hakimiyyəti beynəlxalq arenada təcrid edir, daxildə zəiflədir və lazım gələrsə, onu siyasi cəhətdən “oyundan çıxarır”.
Əsədli qeyd edib ki, diktatorun xalq tərəfindən devrilməsi və cəzasının da xalq tərəfindən verilməsi daha yaxşı olardı:
“Ancaq reallıq göstərir ki, ABŞ Venesuelada müxalifətə vaxtında və yetərli dəstək vermədi. Buna baxmayaraq, prosesin istiqaməti dəyişmədi və diktatorlar üçün dünya artıq təhlükəsiz yer deyil.
Bu gün avtoritar rejimlərin qarşısında faktiki olaraq iki yol qalır. Ya supergüclərlə hesablaşırsan, ya da bunu etmirsən və bir gün gəlib səni öz evindən aparırlar.
ABŞ artıq bu ənənəni formalaşdırıb. Bu təhlükəli model bu gün İran üzərində də sınaqdan keçirilir. İran uzun illərdir ki, xalqın iradəsini dini ideologiya adı altında boğan avtoritar sistemlə idarə olunur. Əli Xamenei rəhbərliyində qurulan bu rejim nə real siyasi pluralizmə, nə də azad cəmiyyətə imkan verir. Etirazlar zorakılıqla boğulur, müxalif fikir dövlətə xəyanət damğası ilə susdurulur. Eyni zamanda ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar, yüksək rütbəli generalların öldürülməsi və hərbi-sənaye obyektlərinin məhv edilməsi beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Bir dövlətin başqa bir dövlətin ərazisində BMT mandatı olmadan faktiki hərbi əməliyyatlar aparması hüquqi baxımdan legitim sayıla bilməz”.
Ekspertin sözlərinə görə, son aylarda baş verənlər göstərir ki, ABŞ-nin İrana birbaşa hərbi müdaxiləsi ehtimaldan çıxıb və zaman məsələsinə çevrilib:
“Bunun nə vaxt və hansı formada baş verəcəyini isə yalnız Vaşinqtonun özü bilir. Bu müdaxilə açıq işğal da ola bilər, məhdud, amma dağıdıcı zərbələr də. İranın dini rəhbərliyi də vəziyyətin fərqindədir. Təsadüfi deyil ki, Əli Xameneinin ölkədən çıxarılması və ya qaçış planları ilə bağlı məlumatlar dövriyyəyə buraxılır. Bu xəbərlərin nə dərəcədə real olması ayrıca müzakirə mövzusudur, amma bir həqiqət dəyişmir: Rejim təhlükəni hiss etməsəydi, belə ssenarilər gündəmə gəlməzdi.
Bu gün Tehran üçün əsas qorxu küçədəki etirazçı deyil, sistemin içindən gələn çatlamadır.
Ordu və təhlükəsizlik strukturlarında sədaqət zəiflədiyi an proses geri dönməz olur. Tarix göstərir ki, diktatorlar məhz bu mərhələdə ölkəni tərk etməyə hazırlaşırlar.
Beləliklə, Venesuela ilə İran arasında aydın paralel yaranır. Daxildə xalqı əzən avtoritar rejimlər, xaricdə isə güc yolu ilə nizam yaratmağa çalışan supergüclər”.
Samir Əsədli qeyd edib ki, bu siyasət nə demokratiya gətirir, nə də sabitlik.
“Əksinə, regionları daha təhlükəli və dünyanı daha xaotik edir.
Ən doğru yol nə Maduro kimi diktatorların, nə də İran dini rəhbərliyinin xarici müdaxilə ilə devrilməsidir. Diktatorları devirməli olan xalqdır. Onların mühakiməsi Vaşinqtonda və ya Təl-Əvivdə yox, Karakasda və Tehranda aparılmalıdır. Tarix göstərir ki, xalqı əzən rejimlər gec-tez çökür.
Amma beynəlxalq hüququ tapdalayan güclər də dünyanı daha ədalətli etmir, sadəcə daha təhlükəli edir.
Venesuela bunu artıq göstərdi. İran isə göstərmək üzrədir”.









