Senzuralı söz azadlığı – ABŞ Avropa İttifaqını totalitarizmdə günahlandırır – ŞƏRHbackend

Senzuralı söz azadlığı – ABŞ Avropa İttifaqını totalitarizmdə günahlandırır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında ziddiyyətlərə və qarşılıqlı ittihamlara daha biri əlavə edilib. Bu dəfə “köhnə” və “yeni” dünya arasında narazılığa səbəb Avropada söz və ifadə azadlığının, daha dəqiqi sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırılması olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Ağ Ev Avropa İttifaqını, qarşı tərəf isə onu qeyri-demokratik addımlar atmaqda və senzura tətbiq etməkdə günahlandırıb. Vaşinqton Avropada sosial şəbəkələrə məhdudiyyətlər qoyulmasından narazılığını ifadə edib. Dövlət Departamenti bəyanat yayaraq, Avropa ölkələrini vətəndaşları hakimiyyəti tənqid etdikləri üçün kütləvi şəkildə məsuliyyətə cəlb etməkdə günahlandırıb. Dövlət Departamenti Avropa İttifaqını tənqid edərək, onun internet tənzimləmə qanunlarını “oruellik” və “söz azadlığı adı altında senzura” adlandırıb.

Politico nəşri yazır: “Minlərlə insan öz hökumətlərini tənqid etdikləri üçün məhkum edilib. Bu azadlıq deyil, əzməkdir. Oruell mesajı ABŞ-ı aldada bilməz. Senzura azadlıq deyil”. Bununla da Dövlət Departamenti fransız nümayəndələrinin BMT-də sosial şəbəkələrdə senzuranı dəstəkləyən çıxışına reaksiya vermiş olub.

Yeri gəlmişkən, amerikalıların tənqidinə həmçinin DSA adlanan – Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı da məruz qalıb. Bu da digər məsələlərlə yanaşı, sosial şəbəkələrə qadağan olunmuş kontenti silməyi nəzərdə tutur.

DSA qanunu sosial şəbəkə platformalarını öz istifadəçilərini qeyri-qanuni məzmun və xidmətlərdən qorumaq üçün tədbirlər görməyə məcbur edir. Bu, texnologiya və sosial şəbəkələr sahəsində Aİ qaydalar toplusu olan rəqəmsal xidmətlər haqqında qanunla əlaqədardır. Söhbət 2024-cü ilin fevralında qüvvəyə minmiş Avropa Rəqəmsal Xidmətlər Aktından (Digital Services Act, DSA) gedir. Orada yazılmış normalar, xüsusilə, axtarış sistemlərini “qanunsuz kontenti” və “dezinformasiyanı” silməyə, həmçinin hakimiyyətə istifadəçilərin sayı haqqında aktual məlumat verməyə məcbur edir.

Baş verənlər ilk hal deyil. İlk dəfə Münhen Təhlükəsizlik Konfransında Avropa ortaq dəyərlərdən uzaqlaşmaqda günahlandırılmışdı.

Şübhəsiz ki, bu qarşılıqlı ittiham və ziddiyyətləri ABŞ və Avropa İttifaqının daxili işi saymaq olardı. Lakin nəzərə alsaq ki, söhbət insan haqları, söz, mətbuat və ifadə azadlığı məsələlərində dünyaya mentorluq etməyə çalışan Avropadan gedir, məsələnin digər tərəfi də üzə çıxır. Öz gözündə tiri görməyən Qərb, niyə hələ də başqasının gözündə tük axtarmaqdadır?

“Report” bu suala cavab almaq üçün Avropa Komissiyasının mətbuat xidməti, Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyi, Almaniyanın Azərbaycandakı səfirliyi və Almaniya XİN-ə belə bir sorğu ilə müraciət edib: “Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti Avropa İttifaqının mühüm sosial media qanununu geri götürmək üçün bir ay davam edən kampaniya aparır. ABŞ çərşənbə axşamı Avropa Komissiyasını söz azadlığına münasibətdə “Oruelist” olmaqda günahlandırdı. Maraqlıdır, Avropa İttifaqının ABŞ-nin bu mövqeyinə münasibəti nədən ibarətdir? Sözügedən qanunun söz azadlığına təhdid olması fikri barədə nə deyə bilərsiniz?”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirdilər ki, bu sualı cavablandıra bilməyəcəklər və tövsiyə etdilər ki, onların baş ofislərinə müraciət edək.

Avropa Komissiyasının texnoloji suverenlik, müdafiə, kosmos və tədqiqatlar üzrə sözçüsü Tomas Reqnerin (Tomas Regnier) cavabı isə belə oldu: “Sorğunuzu aldıq. Lakin şərhlərə münasibət bildirmirik. İfadə azadlığı Avropa dəyərlərinin əsasında dayanır. Bu, həmçinin Rəqəmsal Xidmətlər Aktının (DSA) özülünü təşkil edir. Bu akt onlayn mühitdə qeyri-qanuni məzmunla mübarizə aparmağa xidmət edən qaydalar müəyyən edir, eyni zamanda, ifadə və məlumat azadlığını qoruyur”.

Göründüyü kimi Avropa Komissiyası sosial şəbəkələrdə “qeyri-qanuni məzmun”la mübarizəni zəruri sayır. Lakin Tomas Reqner əmin edir ki, hesabların dayandırılması ilə bağlı şikayət mexanizmi var, məzmunun yoxlanılması senzura demək deyil, DSA tövsiyə alqoritmlərində qərəzin aradan qaldırılması üçün yeni alətlər təqdim edir.

Göründüyü kimi, Avropa Komissiyasının cavabı faktiki olaraq ABŞ Dövlət Departamentinin narahatlığını təsdiqləmiş oldu.

Almaniyanın Azərbaycandakı səfirliyi və Almaniya XİN-ə ünvanladığımız sorğuların da cavablarını maraqla gözləyirik.

Maraqlıdır, görəsən Azərbaycanda Digital Services Act kimi bir qanun qəbul edilsəydi, Avropa İttifaqı və ya Qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar necə reaksiya verərdilər? Və ya necə olur ki, Almaniya və ya digər Avropa ölkələri, özlərini “mühacir bloger” adlandıraraq Azərbaycana qarşı qərəz, təhqir və dezinformasiya yağdıran şəxslərə qucaq açır, onların fəaliyyətinə maliyyə dəstəyi verir, ancaq öz ərazilərində belə halları əngəlləyən qanunlar tətbiq edir?

Diqqət çəkən digər məqam isə ondan ibarətdir ki, Avropada yaşayaraq sosial mediada antiazərbaycan fəaliyyəti göstərən şəxslər nə üçünsə məhz Azərbaycanda keçirilən “Avroviziya”, “Formula-1”, “Avropa Oyunları”, COP29 kimi mötəbər beynəlxalq tədbirlər ərəfəsində fəallaşırlar. Bu isə onu deməyə əsas verir ki, onların fəaliyyəti vahid mərkəzdən olmasa da, bölgədə maraqları üst-üstə düşən qüvvələr tərəfindən idarə olunur. Həmin qüvvələr üçün demokratiya, söz və ifadə azadlığı bölgədə yeni reallıqlar yaratmağı bacaran, heç kimə boyun əymədən müstəqil siyasət yürüdən Azərbaycana qarşı təzyiq vasitəsidir.

Dəfələrlə, daha çox da Avropa İttifaqı və onun tabeliyində olan strukturlar tərəfindən postsovet məkanına daxil olan ölkələr, o cümlədən Azərbaycan hədəfə alınıb. Ən cəfəng və qərəzli qətnamələr və bəyanatlar qəbul edilib. Məsələn, elə dünən mənzil-qərargahı Londonda yerləşən “Amnesty International” ABŞ və Aİ-nin qarşılqlı ittihamlarını görməzlikdən gələrək Azərbaycanı ittiham etməyə çalışıb. İddia edib ki, Azərbaycanda “azad və müstəqil” media qalmayıb. Lakin nədərnsə “Amnesty International” ABŞ-nin Avropaya yönəlmiş ittihamlarını ciddiyə almaq istəməyib və yaxud bu barədə tapşırıq almayıb.

Qeyd edək ki, rəsmi Bakı “Amnesty International”ın, həmçinin onun kimi ermənilərə xidmət edən, ölkəmizə qarşı hədyanlar yağdıran digər təşkilatların (“Human Rights Watch”, “Freedom House”, “Transparency”) fəaliyyətini dəfələrlə sərt tənqid edib. Hətta Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”.

Göründüyü kimi, ABŞ və Aİ arasında ziddiyyətlər və qarşılıqlı ittihamlar artır və tərəflər bir-birini söz azadlığını, insan hüquq və azadlıqlarını pozmaqda günahlandıramqda davam edirlər. Bu isə bir həqiqəti ortaya qoyur – əvvəl evin içi, sonra çölü.