Sərdar Cəlaloğlu: Ramiz Mehdiyevi Rusiyanın Azərbaycandakı emissarı kimi tanıyırambackend

Sərdar Cəlaloğlu: Ramiz Mehdiyevi Rusiyanın Azərbaycandakı emissarı kimi tanıyıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi çoxları Ramiz Mehdiyevə qarşı çıxışlara başlayıb. Amma mən onunla Prezident Aparatının rəhbəri olan zaman vuruşmuşam. Akademiyanın prezidenti olduqdan sonra onunla mübarizə aparmamışam. Zamanında Mehdiyevi Azərbaycanın müstəqilliyinə əngəl olan, demokratik qüvvələrə və Qərbə qarşı kəskin mövqe tutan, Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edən emissar kimi tanıyırdım. Bunu zamanında demişəm və həmin fikrimdə qalıram”.

NOCOMMENT xəbər verir ki, bunu reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AMEA prezidenti Ramiz Mehdiyevin cəmiyyətdə tənqid hədəfinə çevrilməsindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda R.Mehdiyevi tənqid etməyi özünə rəva bilmir: “Bu gün də Ramiz Mehdiyev kimi adamlar var. Mən “Beşinci kolon”u nəzərdə tuturam. Amma mənim Mehdiyevlə bağlı fikrim dəyişməyib”.

S.Cəlaloğlu əlavə edib ki, R.Mehdiyev zamanında ona çox pisliklər edib: “Əgər mənim dövlətimə, xalqıma, millətimə pislik edibsə, deməli, mənə də edib. Əlbəttə, şəxsi mənada da Mehdiyev mənə pislik edib, özü də fərqli qaydada. Məsələn, mənim deputat seçilməyimə heç vaxt imkan verməyib. Sonuncu dəfə mənə vəzifə də təklif etdi. Amma mən imtina etdim. O vaxt Azad Mirzəcanzadə mənə elmlər doktoru dərəcəsi vermək istəsə də, Ramiz Mehdiyev buna imkan vermədi. Demişdi ki, Anar və Elçinə ver, sonra… Buna da mən razılıq verməmişdim. Yəni şəxsi kontekstdə də bizə pisliyi olub”.

S.Cəlaloğlu iddia edir ki, rəhbəri olduğu partiyaya və özünə qarşı anormal proseslərin başında da Mehdiyev durub: “Amma onun mənə münasibətindən asılı olmayaraq, mənim ona münasibətim siyasi olub. Onun ölkəmizə, millətimizə, xalqımıza qarşı apardığı siyasətə müxalifətçilik edirdim”.

Partiya sədri fikrini belə yekunlaşdırıb: “Ramiz Mehdiyev hakimiyyətdə olan dövrdə onun əleyhinə 500 səhifəlik kitab yazmışdım. Onun Azərbaycanın strategiyası haqqında yazısı çıxmışdı. Mən də bu strategiyanı tənqid edərək belə nəticəyə gəlmişdim ki, məqsəd Azərbaycan dövlətini zəiflətmək, Azərbaycanı Qərbdən uzaqlaşdıraraq Rusiyanın qoltuğuna salmaqdır. Yəni Mehdiyevin hər bir fikrinin arxasında nəyin durduğunu şərh etmişdim. Ramiz Mehdiyev siyasi işdən gedəndən sonra onunla maraqlanmıram. Amma o, indi də AMEA-da intriqa yaradır, hansısa idarəçilik sistemi qurur”.