Sərhəddəki gərginlik Putinin İlham Əliyevin son Turan tədbirinə qatılmasına reaksiyasıdır…backend

Sərhəddəki gərginlik Putinin İlham Əliyevin son Turan tədbirinə qatılmasına reaksiyasıdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ordusu Ermənistan ərazisinə girsə belə, Rusiya iki səbəbdən KTMT vasitəsilə əməliyyatlara müdaxilə etməyəcək…”

“Bu, təbii ki, üzdə Ermənistan tərəfdən təxribat kimi görünür. Çünki onlar başlayıb öncə atışmanı… Amma məsələnin digər tərəfi var; bu təxribatı kim təşkil edib?  Hesab edirəm ki, bu, Rusiya hərbi kəşfiyyatının yönləndirilməsi ilə baş verib”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri  Ermənistanla sərhəddə son hərbi gərginliklə bağlı Moderator.az-a açıqlama verən Müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov ifadə edib.

“Buna səbəb isə Kremlin son günlər həm Azərbaycana, həm də Ermənistana qəzəbli olmasıdır. Lakin qəzəb daha çox Azərbaycan və Türkiyəyə tərəf yönəlib. Bu isə türkdilli dövlətlərin Türkiyədəki sonuncu tədbirində  Turan Birliyinin yaranmasıyla bağlı konkret addımlar atılmasıyla, o cümlədən Azərbaycan lideri İlham Əliyevin qardaş ölkəyə səfəri və artıq torpaqlarının əksər hissəsini azad etmiş qalib bir dövlət başçısı kimi İstanbuldakı tədbirə qatılması, oradakı fəal iştirakıyla bağlıdır. Həmin tədbirə özünün enerji ehtiyatlarıyla dünya iqtisadi siyasətində mühüm yeri olan Türkmənistanın da müşahidəçi qismində qatılması, üstəlik, Türkiyə və Azərbaycan liderlərinin bu dövlətin başçısıyla fəal dialoq aparması Moskvanı xüsusilə qıcıqlandırıb”- açıqlamasının ardında bunları söyləyən keçmiş nazir müavini Moskvanın İrəvana qəzəblənməsinin də səbəblərini açıqlayıb.

“Digər tərəfdən, Ermənistanda son kadr dəyişikliklərinin növbəti dəfə Paşinyanın müdafiə sistemində Rusiyaya bağlı əksər fiqurların təmizlənməsiylə nəticələnməsi  də Putinin qəzəbinə səbəb olub. Həmin proses, yəni “QRU” agentlərinin,  “5-ci kalon”un ölkənin strateji qurumlarından, xüsusən hərbi sahədən təmizlənməsi bizdə də tədricən gedir. Lakin bunun daha intensiv aparılmasını arzulayardıq…

Rusiya məhz deyilən səbəblərdən  Qarabağda və Ermənistanla sərhəddə gərginlik təşkil edir. Hesab edirəm ki, Şuşada ordumuza qarşı həyata keçirilmiş son teraktı da məhz Moskva təşkil edib… Və zənnimcə, sərhəddəki gərginlik bilavasitə Ermənistan Müdafiə Nazirliyinin göstərişi ilə deyil, məhz hər iki tərəfdəki  Rusiya agentlərinin təhriki ilə müxtəlif yerlərdə təşkil olunmuş təxribatların sayəsində yaradılıb. Putin bununla bizə təzyiq etmək istəyir.  Amma artıq gecdir.  Artıq Turan Birliyinin reallaşması üçün konkret addımlar atılır. Azərbaycan ordusu güclüdür və qarşısında duran vəzifələri yenə də uğurla yerinə yetirəcək. Rusiya isə belə addımlarıyla, sadəcə, hamını özündən daha da iyrəndirir. Ancaq builməliyik ki, biz düzgün yoldayıq və Kremlin caynaqlarından birdəfəlik canımızı qurtarmalıyıq”- deyə polkovnik bildirib.

Həmsöhbətimiz “Rusiya Ermənistanın KTMT üzvü olmasını bəhanə edib sərhəddə baş verən hərbi əməliyyatlara müdaxilə edə bilərmi?” sualını da cavablandırıb.

“Düzdü, Ermənistan KTMT-nin üzvüdür və Türkiyə ilə, eləcə  də Gürcüstan və 44 günlük savaşdan sonra Azərbaycanla sərhədlərin bir hissəsini də Rusiya FTX-nin sərhəd qoşunları qoruyur. Lakin birincisi, hazırda Azərbaycan Ermənistanla sərhəddini keçməyib,  ordumuz, sadəcə, Putinin də özünün dəfələrlə razı olduğunu söylədiyi  sovet dövrünün xəritələrinə uyğun sərhədlərimizin bərpasıyla məşğuldur və Ermənistanın da bəzi dairələri buna müqavimət göstərməyə çalışır.  Amma hətta Azərbaycan ordusu Ermənistan ərazisinə girsə belə, Rusiya iki səbəbdən KTMT vasitəsilə əməliyyatlara müdaxilə etməyəcək. Birincisi, Moskva gözəl bilir ki, Azərbaycan beynəlxalq səviyyədə ciddi məsələ qaldırsa, sovet dövründə heç bir hüquqi səlahiyyəti olmayan bolşevik partiyasının bürosu tərəfindən qəbul olunmuş qərara görə  digər torpaqlarımız kimi,  Zəngəzurun da qanunsuz olaraq Ermənistana verilməsini sübut edəcək. Ona görə də çalışır ki, məsələ dərinləşməsin və Zəngəzur dəhlizinin açılması və sovet sərhədlərinin bərpasıyla məsələ bitsin. İkincisi də, Turana daxil olacaq dövlətlərin də olduğu  KTMT-nin müdaxiləsi baş tutsa belə, Rusiya dünyanın və NATO-nun  ən güclü ordularından olan Türkiyə ordusuyla kəllə-kəlləyə gəlmək istəməz”- deyə    sabiq nazir müavini vurğulayıb.