Sərsəng su anbarına dair layihəyə start verildi – AŞPA-nın qətnaməsində nə tələb olunur?backend

Sərsəng su anbarına dair layihəyə start verildi – AŞPA-nın qətnaməsində nə tələb olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərsəng su anbarı ilə bağlı layihənin icrasına start verilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icra etdiyi “Sərsəng su anbarına dair beynəlxalq və konstitusion tələblər: hövzənin əhəmiyyəti, hazırkı vəziyyəti – araşdırma və mediada, sosial şəbəkələrdə təbliğat kampaniyası” adlı layihə 3 ay ərzində davam edəcək.

İctimai Birliyin icraçı direktoru, layihənin rəhbəri Elşad Məmmədli dedi ki, Sərsəng su anbarı ilə bağlı ekoloji tarazlığının bərpa edilməsi, anbarın nəzərdə tutulan təyinat, istiqamət üzrə və Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən idarə olunması olduqca vacib, dövlət və cəmiyyət üçün mühüm məsələdir: “Çünki burada söhbət həm ekoloji fəlakətin qarşısının mümkün qədər tez və geniş miqyasda alınmasından, həm azı 50-60 min hektar ərazinin su ilə təminatından, eyni zamanda dövlətin mənafelərindən, hüquqlarından gedir. Sərsəng su anbarı ciddi strateji əhəmiyyət daşıyır və onun baxımsızlıqdan qəzalı vəziyyətdə qalması ətraf bölgələrdəki 300 mindən çox insanın həyatı üçün təhlükə yarada bilər. İşğaldan sonrakı – postmüharibə dövründə Sərsənglə bağlı beynəlxalq sənədlərin və eyni zamanda Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış 10 noyabr Bəyanatına əsaslanaraq təcili tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Bu yöndə böyük bir təbliğat-təşviqat, məlumatlandırma kampaniyasına ehtiyac duyulur, inanırıq ki, bu işin öhdəsindən gələcəyik”.

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Elşad Məmmədli

İcraçı direktor qeyd etdi ki, Azərbaycan Respublikasına aid Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Tərtərçayın üzərində inşa edilib: “Su anbarı Respublikamızın bir sıra rayonlarının (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektar civarında torpaq (əkin) sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə qurulub. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir.

İşğalçı Ermənistan Qarabağı işğal etdikdən sonra 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı ekoloji fəlakət də həyata keçirib. Sərsəng su anbarının işğal altında qalması bir neçə rayonumuzun suvarma suyu ilə təmin edilməsində ciddi problemlər yaratmışdı. Bu illər ərzində sözügedən regionlara milyardlarla manat ziyan vurulub, ekoloji tarazlıq pozulub.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı.

Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etdikdən sonra Sərsəng su anbarı ilə eyni vaxtda inşa olunmuş Suqovuşan (ona yerli əhali “bala Sərsəng” də deyirdi) su anbarına nəzarəti həyata keçirir. Suqovuşan su anbarı, kanallar qısa müddətdə restavrasiya edildi, anbarın suyu Tərtər çayı ilə yönləndirilməklə – 30 ildir qoyulan süni maneələri qaldırmaqla Azərbaycanın ətraf bölgələrindəki təxminən 30 min hektar ərazidə əkin sahəsinin suvarma təminatını yaxşılaşdırmağa nail olundu.

Sərsəng su anbarı və onun qurğuları işğal müddətində texniki xidmət göstərilmədiyi üçün qəzalı vəziyyətə düşüb.

Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki Sərsəng su anbarının bərpası, tam işlək vəziyyətə gətirilməsi, öz funksiyası üzrə istifadə olunması üçün müvafiq rəsmi komissiyalar, İşçi Qruplar tərəfindən layihələr, təkliflər hazırlanmaqdadır. Prezident İlham Əliyev 24 sentyabr 2021-ci il tarixdə BMT Baş Assambleyasının 76-cı sessiyasında illik ümumi müzakirələrdə videoformatda çıxış edərkən Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi ekoloji cinayətlər barədə də məlumat verib. Prezident İlham Əliyev çıxışında eyni zamanda vurğuladı ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid – ətraf mühitə qarşı genosid törədib. Sitat: “Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir.

Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi”…

48625.jpg (200 KB)

Diqqətə çatdıraq ki, 2016-cı ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə (müəllif Elxan Süleymanov) qəbul edib.

1528879818_1.jpg (69 KB)

Elxan Süleymanov

Ardınca – həmin ilin aprel-may aylarında Azərbaycandan ABŞ Prezidentinə bu qətnamə ilə bağlı Petisiya (müəllif AVCİYA) unvanlandı. Petisiya 300 mindən artıq imza topladı. ABŞ hökuməti ən çox səs qazanan petisiyalardan olan bu müraciətə rəsmi cavab verdi və ekoloji fəlakətin dayandırılması üçün çağırışlar etdi.

BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası təhlillər aparmış, müvafiq rəy vermişdi. Missiya belə nəticəyə gəlmişdi ki, lazımi su təchizatının çatışmazlığı kənd təsərrüfatına ciddi ziyan vurur və artıq meşə massivlərin tamamilə məhv olmasına gətirib çıxarıb…

Faktiki olaraq Sərsəng su anbarı ilə bağlı məsələ illərdir ki, beynəlxalq əhəmiyyət daşıyan sənədlərə də əsaslanır. Mövcud durumda – Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra Sərsəng su anbarının təyinatı üzrə istifadəsi, bərpası üçün şərait yaranıb. Bu, beynəlxalq hüquqla yanaşı, Azərbaycanın Konstitusiyasının tələbidir.

Hesab edirik ki, hazırda sülhməramlıların nəzarətində olan Sərsəng su anbarının restavrasiyası, təhlükələrin aradan qaldırılması üçün anbarın üzərində Azərbaycanın müvafiq icra orqanlarının nəzarət həyata keçirməsi birmənalı şəkildə öz təsdiqini, həllini tapmalıdır. 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn tələblərin icrasında Sərsəng su anbarına nəzarətin tam olaraq həyata keçirilməsi mexanizminin tezliklə reallaşdırılması üçün müvafiq beynəlxalq qurumlar da ciddi səy və maraq göstərməlidir.

Əvvəla, Sərsəng su anbarının bəndlərinin baxımsızlıqdan qəzalı vəziyyətə düşməsi Azərbaycanın rayonları və əhalisi üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Digər tərəfdən ərazilərin suvarma suyu ilə təminatı, ekoloji tarazlığın qorunması mühüm əhəmiyyət kəsb edir. Artıq işğal bitib və Sərsəng su anbarı ilə bağlı ekoloji tarazlığın təmin edilməsi də anbarın məxsus olduğu Azərbaycan dövlətinə aid məsələdir. Bunu hansısa kənar qüvvə etməyəcək və etməsi hüquqi olaraq mümkün də deyil.

Habelə, bu, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi sənədin icrası üçün vacibdir. 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan işğala son qoyub. Münaqişə həll edilib. Azərbaycan Sərsənglə bağlı sənədi də BMT-nin qətnamələrini icra etdiyi kimi, özü həyata keçirməyə qadirdir. Sərsəng su anbarının bərpası, istifadəsinə nəzarət birbaşa onun hüququdur.

Əlbəttə, bu məsələdə geniş təhlillər aparılmalı, Sərsəng su anbarının ekoloji tarazlıq üçün əhəmiyyəti, anbara Azərbaycanın tam nəzarət etməsi, təhlükələrin aradan qaldırılması üçün təcili işlərə başlanılmalı, müvafiq addımlar atılmalıdır. Bu prosesdə beynəlxalq təşkilatlar da iradəsini ortaya qoymalıdır.

Habelə, həmin ərazilərdə tələb olunan işlərin görülməsi üçün minatəmizlə işlərinə təcili şəkildə başlanılmasına şərait yaradılmalıdır.

Bu məqsədlə QHT olaraq müvafiq araşdırmalar aparacağıq, hazırda Sərsəng su anbarının durumu, Azərbaycana vurulan ekoloji ziyanın miqyası, ətraf bölgələrə real təsirlərinə dair monitorinqini aparacağıq. Torpaqlarımızın azadlığından sonra – postmüharibə dövründə anbardan istifadə imkanları ilə bağlı, habelə bərpa prosesinin sürətləndirilməsinə nail olmaq üçün həm yerli, həm də beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq qurumları məlumatlandırmağı, habelə media, sosial şəbəkələrdə kampaniya başlamağı, həyata keçirməyi zəruri hesab edirik və bu addımları atacağıq”.

Musavat.com