Sertifikasiyaya hazırlıq biznesə çevrilib – “…onlar üçün xüsusi mexanizm qurulmalıdır”backend

Sertifikasiyaya hazırlıq biznesə çevrilib – “…onlar üçün xüsusi mexanizm qurulmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 9-dan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Müsahibədə riyaziyyat, xarici dil müəllimləri və ötən il sertifikatlaşdırılmadan uğur qazanmayan (bu il test mərhələsindən keçmiş) müəllimlər iştirak edəcəklər.

Bəs, müəllimlər müsahibəyə necə hazırlaşmalıdırlar? Müsahibədə nələrə diqqət etmək lazımdır?

NOCOMMENT.az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

Ekspert bildirib ki, sertifikasiyanın test imtahanı mərhləsindən keçənlərin böyük əksəriyyəti müsahibədən də uğur qazanacaqlar:

“İstər müəllimlərin işə qəbulu istərsə də, sertifikasiyanın müsahibə mərhələsi doğru düzgün təşkil olunmur. Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarında sertifikasiya mərhələsində qiymətləndirmənin maksimum 40 bal olmaqla 5 kriteriya üzərində aparılması göstərilir. Müsahibə mərhələsində mövzunu təqdimetmə, ünsiyyət, qiymətləndirmə, özünü təqdimetmə bacarıqları və s. xüsusiyyətlər qiymətləndirilir.

Komissiya tərəfindən müəllimin pedaqoji bacarıqlarına və peşəsinə bağlılığına daha çox önəm verilməsini, dəyərləndirilməsini istəyərdim. Sertifikasiyanın test imtahan mərhələsindən keçənlərin böyük əksəriyyəti müsahibədən də uğur qazanacaqlar. Çünki onlar illərdir müəllimliklə məşğuldurlar. Amma buna baxmayaraq müsahibədə salınacaq mövzuları belə müəllimlər ayrı-ayrı bacarıqlı müəllimlərə hazırlatdırıb, əzbərləyib, müsahibəyə gedirlər. Təəssüf ki, biz artıq bunu da biznesə çevirmişik.

Mövzunu təqdimetmə zamanı xüsusi meyarlar tərtib olunmalıdır. Kim mövzuları başqalarına hazırladıb, əzbərləyib gəlirsə, onlar aşkarlanmalıdırlar.

Düşünürəm ki, imtahanda qiymətləndirmə, ünsiyyət bacarıqları və özünü təqdimetmə daha şəffaf qiymətləndirilir. Amma mövzunu təqdimetmə digərləri tərəfindən yazıldığına görə (bir sıra müəllimlərdə) əzbərləyən müəllimləri ortaya çıxaran müəyyən mexanizmlər hazırlanmalıdır. İstənilən halda müəllimlər bilməlidirlər ki, bu sertifikasiya hələ ilkdir. 2022-ci ildən, 2026-cı ilədək davam edəcək”.