“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verilib.
NOCOMMENT.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, məşhur tikinti maqnatından şikayət edən iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.
E.Səməndərov bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur.
Səməndərovun vəkili Asim Abbasovun sözlərinə görə, Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib. Həmin cümlə konkret olaraq aşağıdakı kimi deyilib: “Mən sizə deyim ki, “Proqress” MTK-nın rəhbəri Emil insanları, nə qədər adamları aldadıb, hazırda cəzasını çəkir”.

Şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev araşdıracaq. İclas aprelin 8-i keçiriləcək.
Qeyd edək ki, təhqir və böhtan maddələrinin saksiyasında 3 ilə kimi azadlıqdan məhrumetmə, şərti cəzalandırılma, cərimə və islah işləri cəzası nəzərdə tutulur.
Xatırladaq ki, Şərurlu İsfəndiyar son günlər verdiyi müsahibələrindən birində dediyi sözlərlə gündəmə düşüb. Belə ki, tikinti maqnatı “Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir” kimi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb.