Uzun illərdir ki, Azərbaycan mediasında paytaxtda yeni çoxmənzilli binalar tikən “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı redaksiyalara şikayətlər daxil olmaqda davam edir.
Yaşayış kompleksləri tikən “Şərur” MTK-dan müxtəlif formada şikayətlər artmaqdadır. Gözqamaşdırıcı elanları ilə insanları aldatması, alqı-satqı müqaviləsi zamanı qiymətlərin şişirdilməsi, faizlərin yüksək olması barədə çoxsaylı şikayət var.
Məsələn, mənzil sahibləri uzun illər mənzillərində yaşamalarına baxmayaraq hələ də mülkiyyət hüququnu təsdiq edən sənəd – çıxarış ala bilmədiklərini deyirlər.
Xüsusən, Yasamal rayonu ərazisində “Jasmine Park” yaşayış kompleksindən vətəndaşlar sosial şəbəkələrdə , necə deyərlər “haray çəkirlər”.
Hələ 2019-cu ildə Əmlak Ekspert Mərkəzinin (ƏEM) rəhbəri Ramil Osmanlı deyirdi ki, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini 10 il yaşadığı evini qeydiyyata aldıra bilmir.
“Şərur” MTK-ya məxsus olan “Universal Servis” MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunmuş və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsinə verilmiş bina sakinlərindən də şikayətlər səngimir.
Baxın: Elnur Bünyadov adlı vətəndaş məşhur tikinti maqnatının onun 85 min dollarını qaytarmadığını iddia edir.
Daha bir şikayətçi Elşən Səmədov bildirib ki, İsfəndiyar ona dəymiş ziyanı ödəmir: “18 ildir mənə 73 min dollar borcludur” deyir.
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi iyun ayında keçirilərkən şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov deyib ki, Binəqədi Rayon Məhkəməsində İsfəndiyar Axundov barəsində 40-a yaxın məhkəmə işi var:
“Bu şikayətlər arasında təmin olunanlar və olunmayanlar da var. Məhkəmənin bunları nəzərə almağını xahiş edirəm”, – deyə məhkəməyə bildirib.
Qısası, İ. Axundovun ev tikməkdən başqa işi həm də Azərbaycan vətəndaşlarını yollarda “əsir etmək”, süründürmək olub. Hamısını yazsam, buna vaxt, zaman çatdıra bilmərik.
Bu gün də həmişəki kimi verdiyi açıqlamanın yenə gündəmi zəbt edəcəyinə əminik. Report iş adamının məhkəməsi ilə bağlı məlumat yayıb və növbəti məhkəmə prosesi zamanı İ.Axundovun hakimə müraciətini işıqlandırıb:
”Möhtərəm hakim, mən sizdən narazıyam, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisinizYaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm, ona görə də mənə belə əziyyət verirsiniz”.
Açıqlamanı oxuyan kimi adamın ağlına gələn ilk cümlə bu olur:
Sən uzun illərdir Azərbaycan vətəndaşlarını yollarda “əsir-yesir” edəndə, süründürəndə düşünmürdün ki, bir gün ƏDALƏT təcəlli edəcək və sən də yaşatdığını yaşayacaqsan?..
Əntiqə Rəşid







