Prezident İlham Əliyevin avqustun 30-dan etibarən Çinə səfəri baş tutub. Səfər çərçivəsində dövlət başçısı əvvəlcə Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib. Bundan başqa, o, Çin şirkətlərinin rəhbərləri ilə görüşərək enerji, iqtisadiyyat, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bunu NOCOMMENT.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.
Azərbaycan-Çin əlaqələri xüsusilə son bir ildə böyük inkişaf yolu keçib. Ötən il iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanıb, bu ilin aprelində isə Prezident İlham Əliyevin Çinə səfəri zamanı münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da onu göstərir ki, Azərbaycan-Çin əlaqələri yeni mərhələyə qədəm qoyub və hər iki ölkə bu münasibətlərə xüsusi əhəmiyyət verir.
Azərbaycan üçün Çin həm böyük bazar, həm də investisiya imkanları baxımından əhəmiyyətlidir. Dünyanın ən böyük əhalisinə sahib ölkə kimi Çin Azərbaycan üçün mühüm iqtisadi tərəfdaşdır. Çinin Azərbaycana yaşıl enerji, rəqəmsal texnologiyalar və süni intellekt sahələrində investisiya yatırması ölkəmizin maraqlarına uyğundur.
Digər tərəfdən, Azərbaycan “Orta Dəhliz”in əsas iştirakçılarından biri olaraq maraqlıdır ki, “Bir kəmər, bir yol” layihəsi bu dəhliz vasitəsilə inteqrasiya olunsun. Bu halda Çin mallarının Azərbaycan üzərindən Orta Asiya, Xəzər və Avropa istiqamətində daşınması ölkəmizin tranzit əhəmiyyətini daha da gücləndirəcək. Çin üçün də Azərbaycan həm Avropaya ən qısa və təhlükəsiz nəqliyyat bağlantısının təmin olunması, həm də investisiya və ticarət baxımından strateji tərəfdaşdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq da hər iki tərəfin maraqlarına uyğundur.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb və hazırda 10 üzvü var. Dünyanın ən böyük regional təşkilatlarından biri olan bu qurum dünya ÜDM-nin 23 faizini, əhalisinin 42 faizini və coğrafiyasının 25 faizini əhatə edir. Azərbaycanın bu təşkilatla əməkdaşlığı ölkəmiz üçün geniş perspektivlər açır. Hazırda Azərbaycan “dialoq üzrə tərəfdaş” statusuna malikdir. Bu isə gələcəkdə tamhüquqlu üzvlüyün mümkünlüyünü göstərir. Çinin dəstəyi ilə Azərbaycanın yaxın gələcəkdə təşkilata üzv olması real perspektiv kimi görünür.