Fevralın 6-da “İdrak” liseyində baş verən silahlı insident cəmiyyətdə yeniyetmələrin psixoloji vəziyyəti və məktəb mühitində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Rəsmi qurumların məlumatına görə, 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək riyaziyyat müəllimi Şəhla Kamilovaya atəş açıb.
Yaralanan müəllim xəstəxanaya yerləşdirilib, şagird saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Hadisənin motivləri araşdırıldığı bir vaxtda mütəxəssislər yeniyetməlik dövrünə xas psixoloji xüsusiyyətlərin bu cür aqressiv davranışlarda rolunu izah etməyə çalışırlar.
NOCOMMENT.az xəbər verir ki, psixoloqların fikrincə, yeniyetməlik dövrü insan həyatında bioloji, emosional və sosial dəyişikliklərin eyni anda baş verdiyi ən həssas mərhələlərdən biridir.
Elmi tədqiqatlar göstərir ki, bu yaş dövründə beynin impulsları nəzarətdə saxlayan ön alın payı hələ tam formalaşmır, emosiyalara cavabdeh olan limbik sistem isə daha aktiv olur. Nəticədə, yeniyetmələr güclü emosiyalar yaşayır, lakin bu emosiyaları rasional şəkildə idarə etməkdə çətinlik çəkirlər. Stress, qəzəb və ya məyusluq anlarında impulsiv qərarlar vermək riski də məhz bu səbəbdən artır.
Mütəxəssislər bildirirlər ki, aqressiya təkcə bioloji faktorlarla izah edilmir. Sosial mühit, ailədaxili münasibətlər, məktəbdə yaşanan təzyiqlər və ya zorakılıq, eləcə də yeniyetmənin özünü dəyərsiz hiss etməsi bu davranışların formalaşmasına təsir göstərə bilər.
Uzun müddət yığılan psixoloji gərginlik, anlaşılmamaq hissi və emosional dəstəyin olmaması bəzi hallarda aqressiyanın partlayış şəklində üzə çıxmasına səbəb olur. Psixoloqlar vurğulayırlar ki, bu cür hallarda yeniyetmə baş verənlərin nəticələrini tam dərk etmir və davranışının fəsadlarını qabaqcadan qiymətləndirməkdə çətinlik çəkir.
Elmi yanaşmaya görə, silaha çıxışın asan olması risk faktorlarını daha da artırır. Yeniyetmənin emosional qeyri-sabitliyi ilə təhlükəli vasitələrin əlçatanlığı üst-üstə düşdükdə ağır nəticələrə gətirib çıxara bilən situasiyalar yarana bilər. Buna görə də mütəxəssislər ailələrdə silahların təhlükəsiz saxlanılmasının, eləcə də uşaqların psixoloji vəziyyətinə daha həssas yanaşılmasının vacibliyini qeyd edirlər.
Hadisə həm də məktəblərdə psixoloji xidmətlərin rolunu ön plana çıxarıb. Psixoloqlar hesab edirlər ki, yeniyetmələrin davranışındakı dəyişikliklər kəskin aqressiya, qapanıqlıq, davamlı əsəbilik vaxtında fərq edilib düzgün istiqamətdə dəstək göstərilərsə, riskli vəziyyətlərin qarşısını almaq mümkündür. Bu baxımdan məktəb, ailə və müvafiq qurumlar arasında əməkdaşlıq, psixoloji maarifləndirmə və erkən müdaxilə mexanizmləri həlledici əhəmiyyət daşıyır.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün detalları və motivləri üzərində araşdırmanı davam etdirir. Cəmiyyət üçün isə bu insident yeniyetmələrin psixoloji sağlamlığına, məktəb mühitində təhlükəsizliyə və ailə nəzarətinin əhəmiyyətinə daha ciddi yanaşmağın zəruriliyini bir daha xatırladır. (Yeni Sabah)













