Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.
Blok qiymətinin yüksəlməsi siqaretlərin pərakəndə satış qiymətinin də 30-40 qəpik arası yüksəlməsinə səbəb olacağı gözlənilir. Qiymətləri bahalaşan siqaretlər bunlardır:
“Winston Xstyle Blue”, “Winston Xstyle”, “Silver Winston”, “Xstyle Caster”, “Winston Xstyle DUAL”, “Winston XS Silver”, “Sobranie Blue”, “Sobranie White”, “Sobranie Blues”, “Sobranie Blacks”, “Sobranie Whites”, “Sobranie Caster Line”, “Sobranie Compact Blue”, “Sobranie Compact Caster”, “LD Club Platinium”, “Winchester Blue KS”, “Kent Nano Silver”, “Rothmans Demi Silver”, “Pall Mall Nano White” və “Dunhill Golden” və digər markalı siqaretlərdir.

Məsəslə ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, siqaretlərin qiymətinin 30–40 qəpik bahalaşması inflyasiyaya təsir göstərsə də, bu təsir ümumi qiymət səviyyəsində kəskin dəyişiklik yaratmaq gücündə deyil: “Tütün məmulatları istehlak səbətinə daxildir və buna görə də onların bahalaşması rəsmi inflyasiya göstəricilərini müəyyən qədər yüksəldə bilər. Ancaq siqaretlərin istehlak səbətindəki payı məhdud olduğundan, bu artım ümumi inflyasiyanı daha çox psixoloji və simvolik səviyyədə təsir edir, ciddi sıçrayış yaratmır”.
Nəsirli qeyd edib ki, bazarda isə belə qiymət artımları “zəncirvari bahalaşma gözləntisi” formalaşdıra bilər: “Yəni istehlakçılar və satıcılar qiymətlərin ümumi şəkildə artacağını düşündükdə, digər məhsullar üzrə də bahalaşma ehtimalları daha tez gündəmə gəlir. Bu isə real inflyasiyadan çox, inflyasiya gözləntilərinin artması deməkdir. Çörək, ət və digər əsas ərzaq məhsullarının bahalaşması siqaret qiymətlərindən birbaşa asılı deyil. Bu məhsulların qiymətinə əsasən un və taxılın dünya bazar qiymətləri, idxal xərcləri, logistika, enerji qiymətləri, subsidiya siyasəti və daxili istehsal imkanları təsir göstərir. Əgər bu sahələrdə əlavə təzyiqlər yaranarsa, ərzaq qiymətlərində artım mümkündür. Lakin belə artım baş verərsə, onun səbəbi siqaretlərin bahalaşması yox, ümumi iqtisadi və bazar amilləri olacaq”.
Akif Nəsirli qeyd edib ki, siqaret qiymətlərinin artımı inflyasiyanı bir qədər yüksəldə bilər, amma təkbaşına nə ümumi qiymət artımını sürətləndirir, nə də çörək və ət kimi əsas ərzaqların kəskin bahalaşmasını qaçılmaz edir: “Əsas risk faktorları hələ də qlobal bazarlar, idxal asılılığı və daxili istehsal xərcləri olaraq qalır”.










