Şirkət rəhbəri yeni nazirə müraciət etdi: Nazirlik və Aztelekom haqqımı oğurlayıblarbackend

Şirkət rəhbəri yeni nazirə müraciət etdi: Nazirlik və Aztelekom haqqımı oğurlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərrabitə” MMC-nin direktoru Fərzəliyev Fikrət İmran oğlu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevə açıq məktub ünvanlayıb.

NOCOMMENT iş adamının yenisabah-a göndərdiyi müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Naziri cənab Rəşad Nəbiyevə

Hörmət Rəşad müəllim!

Sizi, yüksək vəzifəyə Azərbaycan Respublikasının Məqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin olunmağınız münasibəti ilə təbrik edərək uğurlar arzu edirəm.

Mən də digər rabitə işçiləri kimi rabitənin problemlərini bilən bir peşəkarın rəhbərliyi ilə bu sahədə də dönüş yaranacağını ümid edirik. Lakin fakt belədir ki, peşəkar rabitəçilər kənarda qalanda naşı, rabitəyə aid olmayan adamlar irəli çıxırlar. Onun da nəticəsi ağır olur.

Yazaraq bildirmək istəyirəm ki, mən 40 ilə yaxındır ki, rabitə sistemində çalışıram. Əmək fəaliyyətimə montyor və kabel calayıcısı kimi başlamışam. Daha sonra isə iş icraçısı, sahə rəisi kimi, Azərbaycanın şəhər və rayonlarında istismara verilmiş EATS-lərin xətt şəbəkələrinin tikintisində fəal iştirak etmişəm. “Azərrabitəinşaat” LTB-nin sahə rəisi vəzifəsində olarkən TAE-fiber optik xəttinin cənub seqmentinin tikintisi də mənim tərəfimdən aparılmışdır.

Hazırda isə “Azər-Rabitə” MMC-nin direktoru və həmtəsisçisiyəm.

2013-cü ildə Azərbaycanda keçriləcək prezident seçkiləri öncəsi məni “Aztelekom” MMC-yə dəvət etdilər. Bildirdilər ki, bəzi şəhər və rayonlarda əhalinin sosial problemlərinin həlli istiqamətində yeni telefon şəbəkələri tikilməlidir. Lakin bu məqsədlə hələ vəsait ayrılmadığından işlərin dəyəri təqdim olunmuş sənədlər əsasında ödəniləcəkdir.

Deyilənlərə inanaraq həvəslə işə başladım. İşlərin təşkili üçün öz vəsaitimdən borc hesabına aldığım vəsaitlərdən və materiallardan istifadə edərək qısa müddətdə və keyfiyyətlə tikinti-quraşdırma işlərini başa çatdıraraq aidiyyəti üzrə Abşeron, Siyəzən, Füzuli və Göy-Göl Telekommunikasiya qovşaqlarına təvil verdim.

Etdiyim müraciətlərdən sonra Rabitə Nazirliyində debitor borclarının ödənilməsinin təmin edilməsi barədə təlimat verildi. Lakin məlum hadisələrdən başlamış istintaq hərəkətlərinə görə borcların ödənilməsi dayandırıldı. Həmin illərdə aparılan istintaq çərçivəsində yerinə yetirdiyim iş həcmləri Maliyyə Nazirliyi və Layihə təşkilatı tərəfindən də yoxlanıldı. Yoxlamanın nəticəsi olaraq yekun ödəniləcək məbləğ dəqiqləşdirilərək aktlaşdırıldı. Barəmdə heç bir cinayət hadisəsi qeydə alınmadı.

İşlərin başa çatmasından və təhvil verilməsindən 5 ildən artıq vaxt keçsə də “Aztelekom” MMC bu obyektlərdə küllü miqdarda gəlirlər əldə etsə də, mənə olan debitor borclarını ödəməmişdir.

Onu da bildirirəm ki, bu illər ərzində mənə qarşı aparılan bu qanunsuzluqlara görə Azərbaycan Respublikasının Prezidentinə, Vitse-prezidentə, Parlamentə sahibkarlıq subyektivlərinin hüquqlarını qorumalı olan İqtisadi İnkişaf Nazirliyinə, Rabitə Nazirliyinə, “Aztelekom” MMC-yə etdiyim müraciətlərə bir qayda olaraq standart cavablar verilərək bildirilmişdir ki, müraciətlərə baxılır, araşdırılır araşdırmalar bitdikdən sonra vəsaitlərin ödənilməsinə başlanacaqdır.

2015-ci ildə Respublikanın Baş Prokurorluğuna etdiyim müraciətdən sonra “Aztelekom” MMC-də yerinə yetrilmiş işlərin yerində bir daha yoxlanılması məqsədi ilə komissiya yaradıldı. Komissiya mənim iştirakımla iş həcmlərini yoxlayaraq yekun aktı tərtib etdi. Akta əsasən, təhvil verilmiş tikinti-quraşdırma işlərini yerində olduğu bir daha təsdiqləndi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair məhkəməsinin Maliyyə Nazirliyinin 06 iyun 2016-cı ikl tarixli aktı da nəzərə alınmaqla 27 iyul 2017-ci il tarixli hökmü ilə debitor borcunun yekun məbləği bir daha təsdiqlənsə də hələ borcların ödənməsi təmin olunmamışdı. Bu həm də Azərbaycan hüququna da bir sayqısızlıqdır.

Nazirlik bu keçən illərdə debitor borcu olan barələrində cinayət işləri açılmış bütün təşkilatların borcunu ödəməyi ləngitmədi. Lakin təəssüf ki, bizim şirkətə olan borc nəzərə alınmadı.

Mən rabitə mühəndisiyəm. Oğru deyiləm. Haqqımı isə Rabitə Nazirliyi və “Aztelekom” MMC oğurlamışdır.

Hörmətli cənab Nazir!

Hazırda bu işlə əlaqədar mən vəkilimlə ədalət məhkəməsinə müraciət etmişəm. Məhkəmənin iclasında iştirak edən “Aztelekom” MMC-nin nümayəndəsi heç bir tutarlı arqument gətirə bilməyərək iddianın vaxtını keçdiyini bildirərək məhkəməyə təzyiq də etdi.

Lakin məhkəmə “Aztelekom” MMC-nin nümayəsindən soruşmadı ki, debitor borcu mənə olan borcdan 10 dəfə çox olan digər təşkilatlara ödəmələr hansı əsasa əsasən aparılmışdır? Bu qərəzli münasibətin səbəbi nədir?

Bu işə mərhələlərlə bütün məhkəmə instansiyalarında baxılacaq. Ən sonda isə Avropa İnsan Hüquqları məhkəməsinə müraciət ediləcək.

Mən Füzuli rayonunda doğulmuşam. Rəhbərlik etdiyim kollektiv əsasən qaçqın və məcburi köçkünlərdən təşkil olunmuşdur. Mən onlara yaranan borclarımı da qaytara bilmirəm.

Qarabağ müharibəsində xeyli sayda yaxınlarım şəhid olmuşdur. Aralarında şəhid olmuş Milli qəhrəman da var.

Hörmətli cənab Nazir!

Sizə müraciət edərək debitor borclarının ödənilməsinə və ədalətin bərpa olunmasına köməklik göstərməyinizi və məni qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə:

“Azərrabitə” MMC-nin direktoru: Fərzəliyev Fikrət İmran oğlu
Bakı şəhəri, S.Rəhman məhəllə 943, küçəsi ev 45, mənzil 71
Əlaqə nömrəsi: 050-331-50-97