Ərdoğan-Putin görüşü – Nələr olacaq? 

Ərdoğan-Putin görüşü – Nələr olacaq? 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Prezident Ərdoğan Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə Aşqabadda Rusiya lideri Putinlə bir araya gəlib. Görüş 40 dəqiqə davam edib. Məlumata görə, liderlər arasında görüş mətbuata qapalı keçirilib. Görüşdə Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyi bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov isə açıqlamasında bildirib ki, Rusiya Türkiyənin Ukraynadakı münaqişənin həllinə kömək etmək istəyini alqışlayır.

“Türkiyə prezidenti (Rəcəb Tayyib Ərdoğan) Aşqabad Sülh və Etimad Forumunda çıxış edərkən Türkiyənin Ukraynada sülh prosesinə vasitəçilik etməyə hazır olduğunu bildirib ki, bu da ölkəmiz tərəfindən alqışlanır”, – deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Bəs, bu görüşdən gözləntilər nələrdir? Ukrayna ilə sülhün əldə edilməsində görüşün nə kimi rolu ola bilər?

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan siyasi şərhçi Zeynal Fətulla bildirib ki, ümumilikdə Ukrayna məsələsində Türkiyənin mövqeyi tam aydındır və prinsipial xarakter daşıyır:

“Türkiyə Rusiya–Ukrayna müharibəsinin Ukraynanın ərazi bütövlüyü pozulmadan, genişmiqyaslı insan tələfatı baş vermədən, sülh və qarşılıqlı anlaşma şəraitində başa çatmasını istəyir və bu mövqedə əvvəldən dayanmışdır. Türkiyə bu münaqişədə beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasını vacib hesab edir və dövlətlərin suverenliyinə hörmət edilməsini prioritet kimi qəbul edir. Türkiyə Krımın ilhaqını açıq şəkildə pisləyib, Ukraynanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini rəsmi bəyanatlarla ifadə edib. Türkiyə dövləti bu mövqeyini həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq platformalarda açıq və qətiyyətli formada ortaya qoyub. Bu yanaşma Türkiyənin regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu göstərir”.

Şərhçi qeyd edib ki, bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atacağı addımlar xüsusi əhəmiyyət kəsb edir:

“Türkiyə indiyədək vasitəçi rolunda çıxış edərək dialoq kanallarının açıq saxlanılmasına çalışıb. Hesab etmək olar ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş müəyyən müsbət nəticələr verə bilər. Bununla bağlı ümidlər mövcuddur, lakin istənilən halda görüşün real nəticələri zamanla aydınlaşacaq”.