Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəli şəxslərin tutduqları vəzifələrdən ayrılması ilə bağlı məlumatlar yayılıb. Son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz əlaməti olaraq vəzifələrindən istefa veriblər (manset.az).

Qeyd etmək vacibdir ki, işdən ayrılan hər üç şəxs Naxçıvanda bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında fəal iştirak edib və xüsusi xidmətləri ilə seçiliblər. Xatırladaq ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Naxçıvandakı idarəetmə böhranı və son istefalar fonunda sərt tənqidi fikirlər səsləndirib. Cavanşir Abbaslı bildirib ki, uzun müddət əvvəlki rəhbər Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etməsi və həmin dövrdə muxtar respublikada baş verən özbaşınalıqların fonunda hələ də oradakı idarəçilik sisteminin müzakirə edilməsi təsadüfi deyil: "Talıbov zamanında Naxçıvanda elə bir sərt idarəetmə rejimi yaradılmışdı ki, insanlar bir sözlə Naxçıvanda yaşamaqdan demək olar ki, imtina edir, daha çox Türkiyə, İrana üz tuturdular, yaxud da Bakıya gəlirdilər".
Abbaslının sözlərinə görə, Talıbovun gedişindən sonra nələrinsə dəyişəcəyinə ümidlər böyük olsa da, təəssüf ki, gözləntilər doğrulmayıb: "Təəssüf olsun ki, Fuad Nəcəflinin gəlişindən sonra bir növ el arasında necə deyərlər, özündən əvvəlkinə 'rəhmət oxutdurma' siyasəti davam etdirildi və daha bərbad bir idarəçiliyin şahidi olduq. Məhz bunun nəticəsində hətta belə fikirlər də təsadüfi ortaya atılmadı ki, Vasif Talıbovun zamanı bundan daha yaxşı idi. Bir neçə ay öncə mən Naxçıvana getmişdim, orada da şahidi oldum ki, insanlar elə bir vəziyyətdədirlər ki, əvvəlki idarəçilik sistemini indikindən daha müsbət xarakterizə edirdilər. Xüsusilə də Naxçıvanda bəzi əxlaqsızlıq yuvalarının sayının artmasını vurğulayırdılar ki, Vasif Talıbov zamanında belə deyildi, yaxud küçələrdəki davranışlar, eləcə də bəzi neqativ halları önə çəkərək Talıbov zamanının həsrətini yaşayırdılar".

Siyasi şərhçi Prezidentin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusunun verilməsinin məqsədinə də toxunaraq qeyd edib ki, bütün bunların fonunda bu statusun verilməsi daha çox neqativ halları unutdurmaq və səlahiyyətli nümayəndəliyin nüfuzunu qaldırmaq məqsədi daşıyır. Onun fikrincə, bunun nə dərəcədə nəticə verəcəyini yaxın zamanlarda görəcəyik. Abbaslı sonda muxtariyyət statusunun ləğvi ilə bağlı gözləntilərini bölüşərək vurğulayıb ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi, canı və gözüdür, ona görə də muxtariyyətin ləğvi üzərində proseslər sürətləndirilməlidir: "Hətta bəzi şayiələr də gəzir ki, Azərbaycanda referenduma hazırlıq gedir və referendumda əsas niyyətlərdən biri muxtariyyət statusunun ləğv edilməsi olacaq. Gözləyək. İstənilən halda dediyim kimi, muxtar respublika statusu qalırsa, Naxçıvanda elə şəxslər vəzifə başına gətirilməlidir ki, onlar etimadları doğrultsunlar. Çünki Naxçıvanda idarəçilik necə yüksək səviyyədə olacaqsa, bu, dolayısı ilə birbaşa digər sahələrə də təsir edir. İndiyədək təəssüflər olsun ki, müstəqillik illəri başlayandan bir neçə il sonra, yəni təxminən 2000-ci illərdən etibarən Naxçıvanda idarəçilikdə çox ciddi problemlər kifayət qədər baş qaldırmağa başladı və 30 ilə yaxın keçən müddətdə hələ də bu problemlərin aradan qaldırıldığının şahidi olmamışıq, gündən-günə vəziyyət daha da pisləşir, bunun qarşısı tezliklə alınmalıdır".
Sara,










