Pekində keçirilən yüksək səviyyəli sammitdə ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə münasibətləri şəxsi diplomatiya, iqtisadi sövdələşmələr və qarşılıqlı komplimentlər dili ilə idarə etməyə çalışsa da, rəsmi Pekin danışıqların məzmununu dərhal kəskin strateji şərtlər müstəvisinə keçirib.
Tərəflər arasında qlobal ticarət, iqtisadi rəqabət və təhlükəsizlik mövzularında ciddi müzakirələr aparılsa da, Çin rəhbərliyinin ortaya qoyduğu prinsipial mövqe Ağ Evin regiondakı manevr imkanlarını məhdudlaşdırmaq xarakteri daşıyır. Bu gedişat iki supergüc arasındakı münasibətlərin artıq sadəcə iqtisadi rəqabətlə bitmədiyini, tərəflərin qlobal nüfuz dairəsi uğrunda daha kəskin geosiyasi qarşıdurma mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Məsələni NOCOMENT.az-a şərh edən politoloq Elçin Alıoğlu deyib ki, Pekinin sammit çərçivəsində Vaşinqtona ötürdüyü əsas mesaj son dərəcə aydın və qəti idi: "Tayvan məsələsi Çin üçün qırmızı xətdir və Vaşinqtonun Pekinin regional planlarına mane olmaq cəhdləri tərəflər arasında sabitlik və iqtisadi tərəfdaşlıq barədə indiyə qədər səsləndirilən bütün ritorikanı bir anda mənasızlaşdıra bilər. Tramp administrasiyası hər nə qədər şəxsi təmaslar və ticarət müqavilələri ilə Pekini kompromisə çəkməyə çalışsa da, Çin milli təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində geri addım atmayacağını ən yüksək səviyyədə bəyan etdi".
Onun sözlərinə görə, sammit çərçivəsində təşkil olunan təntənəli mərasimlərin, diplomatik tostların və gələcək əməkdaşlıq haqqında parlaq ifadələrin arxasında qlobal sistemin yeni bir reallığı gizlənir: "Çin artıq ABŞ-la ikinci dərəcəli tərəfdaş kimi deyil, öz şərtlərini və qaydalarını diktə edən bərabərhüquqlu supergüc kimi danışır. Pekinin bu sərt strateji gedişi Trampın xarici siyasətdəki 'Amerika birincidir' doktrinasına qarşı çox ciddi bir fərqli güf mərkəzi cavabıdır".
Şərhçi qeyd edib ki, bu şərtlərin fonunda iki ölkə arasındakı münasibətlərin gələcək dinamikası birbaşa Vaşinqtonun bu qırmızı xətlərə göstərəcəyi hörmətdən asılı olacaq: "Əgər ABŞ regionda hərbi mövcudluğunu artırmağa və Tayvana birbaşa dəstəyini davam etdirməyə çalışarsa, Pekin iqtisadi rıçaqlardan, o cümlədən ABŞ istiqrazları və qlobal tədarük zəncirindəki üstünlüklərindən sərt şəkildə istifadə edə bilər. Liderlər arasındakı şəxsi dostluq mesajları qlobal geosiyasi maraqların toqquşduğu yerdə öz əhəmiyyətini itirir və Çin rəhbərliyi bu görüşlə ABŞ-a öz gücünü tam mənası ilə hiss etdirmiş oldu".
Tunar,
NOCOMMENT.az












