Bildiyiniz kimi, bu gün sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb və SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınıb.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.
NOCOMMENT.az xəbər verir ki, məlumatı erməni mediası da təsdiqləyib.
Tərəflər 6 dekabrda Dohada planlarını açıqlayandan sonra rusiyalı enerji eksperti Boris Martsinkeviç bununla bağlı xəbərdarlıq etməyi də unutmadı.
O bildirdi ki, İrəvan Azərbaycandan neft məhsullarının mümkün idxalının iqtisadi faydalarını ölçüb-biçməlidir.
İrəvanı hər şeyi diqqətlə araşdırmağa çağırdı.
Təbii ki, məlum razılaşma bir çox ermənilərə inandırıcı gəlməmişdi.
Erməni iqtisadçı Aşot Tavadyan Aysor.am saytına danışaraq belə bir alqı-satqı olacağına şübhə etdiyini bildirmişdi. Hətta buğdanın uğurlu tranzitindən, eləcə də Gürcüstan hakimiyyətinin Azərbaycan neft məhsullarının Ermənistana birdəfəlik tranziti üçün ödəniş almayacağı barədə açıqlamalarından sonra belə, iqtisadçı razılaşmanı tamamilə real hesab etmirdi:
“Sadəcə araşdırma aparıb dəqiqləşdirmələr aparmalıyıq, məsələn, Rusiya bizə hansı qiymətə satır, Azərbaycan hansı qiymətə satacaq, Türkiyəyə hansı qiymətə satır? Amma burada çoxlu siyasi amil olduğundan, müqavilə imzalandıqdan sonra nədənsə qiymətlərdə kəskin dalğalanma ola bilər” .
Tavadyanın sözlərinə görə, Azərbaycan tərəfi sövdələşmədə daha çox maraqlıdır:
“Burada siyasi təsir var, niyə asılılığı artırmırıq? Biz elə bir qeyri-müəyyənlik sahəsindəyik ki, istənilən vəziyyət baş verə bilər. Qeyri-müəyyənlik amili çox yüksəkdir, çünki hər gün bir dəyişiklik baş verir və mənim üçün bu, heç bir iqtisadi məntiqə sığmır. Siyasi amillərə əsasən dəyişkənlik dərəcəsi çox yüksəkdir”.
Bir neçə gündür ki, Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi ilə bağlı müzakirələr sosial şəbəkələrin erməni seqmentində səngimir.
Bu mövzuda da ermənilər 2 cəbhəyə ayrılıb. 1-cilər Ermənistanın böyük uğurlara imza atdığını , 2-cilər isə Ermənistanın uçuruma yuvarlandığını önə sürür.
Buna baxmayaraq, Azərbaycana qarşı aqressivlikdə zərrə qədər də dəyişiklik görünmür. Bunu onların sosial şəbəkələrdəki paylaşımları da təsdiq edir.
Əntiqə Rəşid













