“SOCAR” Türkiyədəki 2 şirkətini satdıbackend

“SOCAR” Türkiyədəki 2 şirkətini satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki təbii qaz paylama şirkətləri “Bursagaz” və “Kayserigaz”, “AKSA Enerji”yə satılıb.

NOCOMMENT.az xəbər verir ki, bu satış prosesinin tamamlanmasından sonra hər iki şirkət “AKSA Enerji”nin tərkibində fəaliyyət göstərəcək.

2019-cu ildən etibarən “SOCAR Türkiyə”nin tərkibində fəaliyyət göstərən “Bursagaz” və “Kayserigaz”, təxminən 2 milyon abunəçiyə təbii qaz paylama xidməti təqdim edir. Təxminən 1,2 milyon abunəçisi və 7 min kilometri aşan şəbəkə uzunluğu ilə “Bursagaz”, “paylama lisenziyası sahiblərinin son istehlakçıya təqdim etdiyi təbii qaz satış həcmi” baxımından Türkiyənin 4-cü ən böyük təbii qaz paylama şirkəti kimi tanınır.

“2030 üçün yeni və güclü hədəflərlə yola çıxdıq”

Mövzu ilə bağlı açıqlama verən “Aksa Doğalgaz” İdarə Heyətinin sədri Yaşar Arslan, 2015-ci ildə müəyyən etdikləri 2025 hədəflərini vaxtından əvvəl aşdıqlarını qeyd edib. O bildirib: “2030-cu il üçün yeni və güclü hədəflərlə yola çıxdıq. Davamlı böyümə yönümlü strategiyamızı əks etdirən bu hədəflərə “Bursagaz” və “Kayserigaz”la birgə böyük ölçüdə yaxınlaşmış olacağıq. Hər biri öz bölgəsində önəmli xidmətlər göstərən bu şirkətlərin sinerjisi ilə “Aksa Doğalgaz”ın yeni uğurlara imza atacağına inanıram.”

Petrokimya sahəsinə yönəlmə

Beləliklə, Türkiyədə qaz paylama fəaliyyətindən çəkilən “SOCAR Türkiyə” petrokimya sektoruna diqqətini artıracaq. “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov açıqlamasında bildirib: “Şirkətlərimizin satış qərarını “SOCAR Türkiyə”nin uzunmüddətli strateji hədəfləri çərçivəsində qiymətləndiririk. Bu günə qədər reallaşdırdığımız təxminən 18,5 milyard dollarlıq sərmayə ilə Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi mövqeyindəyik və strateji əhəmiyyətə malik bu sərmayələrimizlə Türkiyədə uzun illər ərzində dəyər yaratmağa davam edəcəyik. Bir müddət əvvəl ictimaiyyətlə paylaşdığımız kimi, Türkiyədə əsas iş sahələrimizdən biri olan petrokimya sektoruna fokuslanaraq bu sahədə önəmli bir sərmayə həyata keçirmək məqsədilə ilkin mühəndislik işlərinə başlamışıq.”