Soçi görüşü nə VƏD EDİR: Problemlərin sülh, yoxsa güc yolu ilə həllini müəyyənləşdirəcəkbackend

Soçi görüşü nə VƏD EDİR: Problemlərin sülh, yoxsa güc yolu ilə həllini müəyyənləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklərdən dolayı Avropa İttifaqı (Aİ) dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın qarşılıqlı görüşü üçün təşəbbüs irəli sürüb. Bu arada Kreml də iki liderin Vladimir Putinlə görüşəcəyini açıqlayıb. Rusiyanın diplomatik danışıqlar aparmaq üçün Aİ-ni nə üçün qabaqladığı və ümumiyyətlə, görüşün hansı nəticələr verəcəyi maraq doğurur.

Anar ƏsədliMövzu ilə bağlı NOCOMMENT-ə fikirlərini açıqlayan Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli bildirib ki, Rusiya mütləq şəkildə prosesləri qabaqlayacaqdı: “Soçi görüşü dekabrın 15-də Qərbin vasitəçiliyi ilə keçiriləcək Brüssel görüşü fonunda gözlənilən idi. Və bizim üçün maraqlı olan tək məsələ görüşün nəticələrinin xeyrimizə olub-olmamasıdır”.

Paşinyanın son çıxışına diqqət çəkən partiya liderinin fikrincə, Ermənistan rəhbərinin ifadə etdiyi məqamlar görüşün koordinatlarını müəyyən qədər ortaya çıxarır: “Azərbaycan delimitasiya və demarkasiyada, kommunikasiya və Zəngəzur dəhlizində israrlıdır. Ermənistan isə anklavlar məsələsində və kommunikasiyanın dəhliz formatında olmamasında maraqlıdır. Görüşün Qərbin müdaxiləsindən öncə keçirilməsi faktoru müəyyən başlanğıcların qoyulacağından xəbər versə də, elə Qərb faktorunun olması həm də Paşinyanın iki əli sıxmasına dəlalət edəcək. Qərb status və sərhəd məsələlərində Azərbaycanın diqtə etdiyi şərtləri Ermənistana qarşı xəyanət hesab edir. O baxımdan Paşinyanın yenə oyunpozanlıq etməsi gözlənilməz olmayacaq”.

A.Əsədli hesab edir ki, bu görüşlə həm də Rusiyanın Ermənistan üzərində rıçaqlarının hansı səviyyədə olması məsələsi aydınlaşacaq: “Çünki Moskva xüsusən Zəngəzur dəhliziylə bağlı İrəvanın qaydaları pozmasını, buna qarşılıq olaraq da Azərbaycanın Laçın dəhlizinin icrasından imtina etməsini qəbul etməyəcək.

Qısası, hər iki görüş formal xarakter daşısa da, həm də bizim üçün vacib olan problemlərin sülh, yoxsa güc yolu ilə həllini tapacağını müəyyənləşdirəcək”.

A.Əsədli diqqətçəkən digər bir məqama da toxunub: “Paşinyanın 9 noyabr görüşündən imtina etməsi səbəbi kimi əsirlər məsələsini vurğulaması da maraq doğurur. Dolayı yolla belə çıxır ki, budəfəki görüşdən öncə bu barədə nələrsə razılaşdırıla bilər. Ümid edək ki, diversantların qarşılığında bu dəfə saxta xəritələrin təqdim olunması kimi barter prosesi təkrarlanmayacaq!”.