Azərbaycan hotellərində noyabrda bir gecə qalmaq üçün orta qiymət ₼406.2 olub. Bu təxminən 4 dəfə bahalaşma deməkdir.
NOCOMMENT.az referans.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli sözlərinə görə, otellərdə müşahidə olunan qiymət artımı COP29-la əlaqədardır.
“COP29 çərçivəsində ölkəyə 80 minə yaxın qonağın gəlməsi gözlənilir. Bakıda yerləşən otellərin heç o qədər tutumu yoxdur. Buna görə kirayə mənzillərin də qiymətində bu dövrdə artım olacaq. COP29-a gələn qonaqları yerləşdirmək və otellərin onları qəbul edə bilmək qabiliyyətini də nəzərə alsaq aylar öncədən bununla bağlı proqnoz vermək mümkün idi”.
İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov da kəskin qiymət artımının COP29-la bağlı olması fikri ilə razıdır.
“Qanuni baxımdan azad bazar iqtisadiyyatı olduğuna görə qiymətlərin təyin edilməsi sərbəstdir. Qiymətlər tələb və təkliflər əsasında formalaşır. Hazırda da tələb artmağa başlayır, buna görə də qiymətlər artacaq. Lakin bu gün COP29-la bağlı olaraq şəhərdə xüsusi rejimin tətbiq olunmayacağı açıqlandı. Buna əsasən həddindən artıq qonağın gəlməyəcəyi qənaətinə gəldim, buna görə də qiymətlərdə enmələr ola bilər”.