ŞOK! İsrail Türkiyənin iştirakını blokladı, Azərbaycan isə… – NƏ BAŞ VERİR?backend

ŞOK! İsrail Türkiyənin iştirakını blokladı, Azərbaycan isə… – NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) vasitəçiliyi ilə Qətərin paytaxtı Dohada Qəzza sektorunda beynəlxalq sabitləşdirici qüvvələrin mümkün yerləşdirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə 45-dən çox ölkənin iştirakı nəzərdə tutulsa da, dəvət olunanların siyahısı formalaşdırılarkən ciddi siyasi fikir ayrılıqları ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, İsrailin mövqeyi nəticəsində Türkiyənin konfransda iştirakı bloklanıb, Azərbaycan isə rəsmi dəvət almasına baxmayaraq, Dohaya nümayəndə heyəti göndərməməyi qərara alıb.

İsrailin “Haaretz” qəzetinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ İsrailin vetosunu nəzərə alaraq Ankaraya dəvət göndərməyib.

Mənbələrin bildirdiyinə görə, Türkiyənin konfransda yer almaması prosedur deyil, sırf siyasi xarakter daşıyıb.

Nəşrin yazdığına görə, Qərb diplomatı və Türkiyə hökumətinə yaxın ərəb mənbə Ankaranın Vaşinqton və Doha ilə yaxın əlaqələrinə baxmayaraq iştirakçı siyahısına salınmadığını təsdiqləyib. Digər Qərb rəsmisi isə Türkiyənin iştirak etməyəcəyinin əvvəlcədən məlum olduğunu və bu qərarla bağlı alternativ izahın mövcud olmadığını bildirib.

“Haaretz”in ərəb diplomatik dairələrindəki mənbəsi xatırladıb ki, Türkiyə oktyabr ayında Şarm-əş-Şeyxdə keçirilən sülh sammitinə dəvət olunmuş və Qəzza ilə bağlı beynəlxalq təşəbbüsləri açıq şəkildə dəstəkləmişdi.

Mənbənin sözlərinə görə, Dohadakı görüşdə Türkiyənin iştirakına qarşı çıxan yeganə ölkə İsrail olub.

Bununla yanaşı, Türkiyə və Qətərin ABŞ rəsmilərinə qərarın yenidən nəzərdən keçirilməsi üçün təzyiq göstərməkdə davam etdiyi qeyd olunur.

Xatırladaq ki, beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi məsələsi ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planının ikinci mərhələsinin əsas elementlərindən biri hesab olunur. İsrail isə Qəzzada müharibə başladıqdan sonra ikitərəfli münasibətlərin kəskin pisləşməsi fonunda Türkiyənin münaqişədən sonrakı nizamlanmada iştirakına qəti şəkildə qarşı çıxır.

“Haaretz”in əldə etdiyi siyahıya əsasən, Dohadakı görüşə Misir, İordaniya, Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya, eləcə də Avropa, Asiya və Asiya–Sakit okean regionundan bir sıra ölkələr dəvət olunub. Siyahıya BMT üzvü olmayan Kosovo Respublikası da daxil edilib.

Nəşr qeyd edir ki, Azərbaycan dəvət almasına baxmayaraq, Dohaya nümayəndə göndərməyib. Bunun səbəbi rəsmi Bakının Qəzza sektoruna sülhməramlı kontingent göndərilməsini nəzərdən keçirməməsidir.

Eyni zamanda, qəzetin məlumatına görə, ABŞ ilə aparılan müəyyən məsləhətləşmələrə baxmayaraq, Azərbaycan yaxın perspektivdə “Avraam sazişləri”nə qoşulmağa da hazır deyil.

“İsraillə uzun illərdir mövcud olan sıx münasibətlərə baxmayaraq, Azərbaycan bu sazişə yalnız təbliğat məqsədləri üçün qoşulmağa ehtiyac görmür”, – deyə “Haaretz” vurğulayır.

Konfransa dəvət alıb, lakin iştirak etməyən ölkələr arasında Belçika, Rumıniya, Estoniya, Cənubi Koreya, Nepal və daha təxminən 15 dövlətin adı çəkilir.

Qəzetin istinad etdiyi Qərb diplomatının sözlərinə görə, Dohadakı görüş aralıq xarakter daşıyıb və hər hansı məcburi qərarların qəbulu nəzərdə tutulmayıb.

Məlumata əsasən, oxşar məsləhətləşmə xarakterli görüş iki həftə əvvəl Vaşinqtonda keçirilib, növbəti – artıq hərbi rəhbərlik səviyyəsində toplantının isə yanvar ayında baş tutması planlaşdırılır.

Diplomat bildirib ki, ABŞ Qəzzada sabitləşdirici qüvvələrin mümkün strukturu və ayrı-ayrı ölkələrin töhfəsi ilə bağlı daha detallı məlumat təqdim etməyi planlaşdırır. Lakin hazırkı mərhələdə söhbət konkret öhdəliklərin formalaşdırılmasından deyil, mövqelərin öyrənilməsindən gedir.

Hazırda gələcək kontingentdə iştirakını rəsmi şəkildə və konkret qoşun sayı ilə təsdiqləyən yeganə ölkə İtaliyadır.

Daha əhatəli razılaşmaların yanvar görüşündə əldə olunacağı gözlənilir.

Bu arada “The Jerusalem Post” qəzeti yazır ki, beynəlxalq sabitləşdirici qüvvələrin elan edilən 20 min nəfərlik tərkibini real şəraitdə formalaşdırmaq çətin olacaq və maksimum 5 min hərbçi toplamaq mümkün görünür. Bu da yalnız İtaliyadan sonra Fransa və digər Avropa ölkələrinin missiyaya qoşulacağı halda baş verə bilər.

Beynəlxalq qüvvələrin formalaşdırılması ərəb və müsəlman ölkələrinin mövqeyi səbəbindən faktiki olaraq dalana dirənib. Bu ölkələr Fələstin Administrasiyasının prosesə cəlb olunmadığı halda missiyada iştirak etməyə hazır deyillər. Əlavə çətinlik isə mümkün əməliyyatın mandatı ilə bağlıdır.

Mandatda HƏMAS-ın tərksilahı nəzərdə tutulur, lakin hərəkat bu ssenarini qəti şəkildə rədd edir. Halbuki HƏMAS-ın tərksilahı Donald Trampın sülh planının əsas müddəalarından biri kimi göstərilir.