Son günlər Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və bunun zəlzələlərlə əlaqələndirilməsi ictimaiyyətdə ciddi narahatlıq doğurub.
NOCOMMENT.az xəbər verir ki, tanınmış ekstrasens Qalina Bağırova Minval Politika-ya müsahibəsində Volqa çayının axınının dəyişdirildiyini, suyun Xəzərə əvvəlki həcmdə daxil olmadığını və bunun insan müdaxiləsinin nəticəsi olduğunu iddia edib. Onun fikrincə, əgər yaxın üç il ərzində vəziyyət dəyişməsə, Xəzər sürətlə quruyacaq və dənizin geri çəkilməsi regionda zəlzələlərin həm sayını, həm də dağıdıcılığını artıracaq. Ekstrasens bu iddianı Xəzərin seysmik titrəmələri “saxlaması” ilə əsaslandırır.
Məsələyə elmi baxımdan yanaşan seysmoloqlar isə bu fikirlərə ehtiyatla yanaşır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli NOCOMMENT.az-a bildirib ki, zəlzələlərin baş verməsi Xəzər dənizinin səviyyəsi ilə birbaşa əlaqəli deyil. Onun sözlərinə görə, Azərbaycan və Xəzər hövzəsi Avrasiya və Ərəb tektonik plitələrinin toqquşma zonasında yerləşir və burada seysmik aktivlik min illərdir mövcuddur.
“Zəlzələlərin əsas səbəbi Yer qabığının dərin qatlarında toplanan tektonik gərginliyin boşalmasıdır. Dənizin səviyyəsinin qalxması və ya enməsi bu prosesi dayandırmaq və ya kəskin sürətləndirmək gücündə deyil”, – deyə Qurban Yetirmişli vurğulayıb.
Professorun sözlərinə görə, böyük su hövzələrinin Yer qabığına müəyyən təsiri ola bilər, lakin bu təsir daha çox lokal xarakter daşıyır və əsasən zəif və orta güclü seysmik hadisələr fonunda özünü göstərə bilər:
“Dünyada su anbarlarının doldurulması nəticəsində baş verən seysmik hadisələr məlumdur, amma Xəzər kimi təbii dənizin səviyyə dəyişməsi ilə dağıdıcı zəlzələlər arasında birbaşa səbəb-nəticə əlaqəsi yoxdur. ‘Dəniz zəlzələni saxlayır’ fikri elmi termin deyil”.
Bununla yanaşı, Qurban Yetirmişli Xəzər dənizinin çəkilməsinin dolayı risklər yarada biləcəyini istisna etmir.
Onun fikrincə, sahilboyu ərazilərdə suyun geri çəkilməsi geoloji mühitin tarazlığını dəyişə, torpaq sürüşmələri, çökmələr və bəzi hallarda seysmik dalğaların yayılma xüsusiyyətlərinə təsir göstərə bilər:
“Bu amillər xüsusilə Abşeron yarımadasında diqqətlə izlənməlidir. Lakin bu, güclü zəlzələlərin yaranması demək deyil, mövcud seysmik risklərin fonunda əlavə geoloji problemlərin meydana çıxması anlamına gəlir.
Paytaxt üçün əsas təhlükə Xəzərin səviyyəsi yox, şəhərin həddindən artıq sıxlaşması və tikinti problemləridir.
Bakı seysmik zonadadır və burada zəlzələ olacaqmı sualı yox, nə vaxt və hansı nəticələrlə olacaq sualı daha aktualdır. Dağıdıcı nəticələrin miqyası əsasən binaların seysmik dayanıqlığından, tikinti normalarına əməl olunmasından asılıdır”.
Seysmoloqun fikrincə, cəmiyyətdə qorxu yaradan ekstrasens proqnozları elmi risk qiymətləndirməsi ilə qarışdırmaq olmaz:
“Xəzər dənizinin səviyyəsinin enməsi doğrudan da ciddi ekoloji və iqtisadi problemdir. Bu məsələ dövlətlərarası səviyyədə həllini tapmalıdır. Lakin bu prosesi yaxın illərdə dağıdıcı zəlzələlərin qaçılmazlığı kimi təqdim etmək elmi əsaslara söykənmir”.









