Oklend Texnologiya Universiteti və Vaşinqton Universitetinin Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutundan olan tədqiqatçılar bütün dünyada insult hallarının artdığını aşkar ediblər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, iş “The Lancet Neurology” jurnalında dərc edilib.
1990-cı ildən 2021-ci ilə qədər insult keçirən insanların sayı 70 faiz, insultla əlaqəli ölüm hallarının sayı isə 44 faiz artıb. 2021-ci ildə insult dünyada işemik ürək xəstəliyi və COVID-19-dan sonra ölümün üçüncü ən əhəmiyyətli səbəbi olub. Əhalinin yaşlanması və qarşısı alına bilən risk faktorlarının təsirinin böyüməsi insult yükünün artmasına səbəb olan mühüm amillərdir.
Təhlil üçün 1990-2021-ci illəri əhatə edən Qlobal Xəstəlik Yükü Tədqiqatının (GBD) məlumatlarından istifadə edilib. Tədqiqatçılar yüksək bədən kütləsi indeksi (BKİ), qan təzyiqi, qanda şəkərin səviyyəsi və hava çirklənməsinin təsiri kimi risk faktorlarının təsirini qiymətləndiriblər. Yaşa görə standartlaşdırılmış xəstələnmə və ölüm göstəriciləri də regional fərqləri aşkar etməyə imkan verib: insult yükü aşağı və orta gəlirli ölkələrdə əhəmiyyətli dərəcədə yüksək olub.
Nəticələrə görə, 2021-ci ildə insult səbəbindən itirilmiş sağlam həyat illərinin sayı 160,5 milyona çatıb ki, bu da 1990-cı illə müqayisədə 32 faiz çoxdur. Afrika və Asiya regionları kimi aşağı gəlirli ölkələrdə xəstələnmə və ölüm göstəriciləri daha varlı ölkələrlə müqayisədə 2-10 dəfə yüksəkdir. Piylənmə, hipertoniya və hava çirklənməsi gənc əhali arasında insult yükünün artmasına səbəb olan əsas amillər olub.
Həmçinin tədqiqat yüksək temperaturların təsiri və havanın kiçik hissəciklərlə çirklənməsi də daxil olmaqla ekoloji amillərin əhəmiyyətli təsirini göstərib. Bu risk faktorları xüsusilə aşağı gəlirli ölkələrdə özünü göstərir ki, bu da ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması və metabolik xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülməsinin vacibliyini vurğulayır.
Tədqiqatın müəllifləri həm əhali səviyyəsində tədbirləri, həm də fərdi yanaşmaları əhatə etməli olan insultun qarşısının alınması üçün daha effektiv strategiyaların tətbiqinin vacibliyinə diqqət çəkirlər. Səhiyyə sistemlərinin təkmilləşdirilməsi və teletibb və süni intellekt kimi yeni texnologiyalardan istifadə gələcəkdə insultun qlobal yükünü əhəmiyyətli dərəcədə azalda bilər.