“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən 3 ədəd BMW 520i markalı xidməti avtomobilin satın alınması ilə bağlı NOCOMMENT.az-ın sorğusuna rəsmi cavab verilib.
Qurum bildirir ki, avtomobillərin alınmasına səbəb rəhbər heyətin rəsmi görüşlərdə iştirakı və regionlararası səfərlərin təşkili üçün yaranan tələbatdır. Məlumata görə, 3 ədəd BMW 520i üçün “İmprotex Motors” MMC-dən ümumi dəyəri 364 140 manat olan qiymət təklifi əldə olunub və məsələ ilə bağlı Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilib.
Agentliyin 20 avqust 2025-ci il tarixli qərarı ilə avtomobillərin bir mənbədən satınalma metodu ilə alınmasına razılıq verilib. Qurum açıqlamasında qeyd edir ki, sözügedən avtomobil markası üzrə Azərbaycanda rəsmi distribyutor yalnız “İmprotex Motors”dur:
“Satış sonrası texniki xidmət, orijinal ehtiyat hissələri və zəmanət təminatları yalnız rəsmi distribyutor tərəfindən göstərilir. Bu markalar üzrə paralel idxal və alternativ təchizat kanalı mövcud deyil”.
Məhz buna görə satınalma “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsinə uyğun olaraq birbaşa həyata keçirilib və belə hallarda tenderin dövlət satınalmalarının vahid internet portalında keçirilməsi tələb olunmur.
Qurum əlavə edib ki, müqavilələrin bağlanması xidmətin funksional fəaliyyətinin fasiləsiz təşkili üçün zəruridir və bütün məlumatlar qanunvericiliyin müəyyən etdiyi çərçivələr daxilində təqdim olunub.
***
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 3 ədəd “BMW 520i” markalı xidməti nəqliyyat vasitəsi alır.
NOCOMMENT.az Pravda.az-a istinadla xəbər verir ki, avtomobillərin alınmasına 364 140 AZN sərf olunacaq.
“Regional Su Meliorasiya Xidməti” və satışı həyata keçirəcək “İmprotex Motors” MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: MMC sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.
“Regional Su Meliorasiya Xidməti” rəhbəri Zakir Quliyevdir.












