Avropada “siyasi mühacir” adı altında blogerlik fəaliyyətilə məşğul olan bəzi şəxlərlə bağlı bir sıra iddialar yayılıb. KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan məlumatlara görə, Azərbaycandakı bəzi məmurlar xaricdəki blogerlərə informasiya ötürür, onların maliyyələşdirilməsində xüsusi rol oynayırlar. İddia olunur ki, bəzi blogerləri Avropaya məhz bu məmurlar göndərib.
Bu iddialar nə dərəcədə həqiqətdir, doğrudanmı Azərbaycanda xaricdəki blogerləri maliyyələşdirən məmurlar var, belədirsə onlar kim ola bilər?
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu məsələlərə yanaşma çox dəqiq və ünvanlı olmalıdır:
“Bu məlumatlar iki gündür ki, yerli mətbuatda tirajlanır. Onlar əslində mühacir və bloger deyil, müxtəlif dövlətlərin kəşfiyyat orqanları, dezinformasiya şəbəkələri, təfriqə institutları tərəfindən yönləndirilən şəxslədir ki, öz aralarındakı konfliktlərdən belə təhlillər hasil edirlər. Yekun qənaətləri ondan ibarətdir ki, qeyd olunan qüvvələrə həm maddi, həm siyasi dəstək verən kompromat savaşına meyil göstərən insanlardır. Bunlar məmur, yaxud sadəcə iqtisadi mövqe sahibləridir, yoxsa üçüncü dövlətlərə yaxındırlar və hansı informasiyanın yayılmasında maraqlıdırlar? Bunu təyin etmək çox çətindir. O üzdən bu məsələlərə yanaşmamızda çox dəqiq və ünvanlı olmalıyıq.
Kəşfiyyat tələlərinə düşmək olmaz. Burada açıq şəkildə həmin qüvvələr hədəfdə olmalıdır. Bu insanlar gecə-gündüz heç bir qanun, mənəviyyat və əxalqi prinsipləri gözləmədən, dövlətimizin bu gün yaşadığı gerçəkliklərin ən üstün məsələlərini bir kənara qoyaraq, qələbəni, Xankəndi zəfərini, Ordumuzun nailiyyətlərini, böyük qayıdışı gündəmdə saxlamır, əksinə, onu ləkələmək üçün müəyyən dövlətlərin planında iştirak edirlər. Məsələnin ən pis tərəfi də bu insanların terror mühiti yaratmalarıdır.
Qanunvericiliyimizdə şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, ictimiai mənəviyyatın ziddinə əməllər qanunazidd kimi göstərilir. Buna görə də mən bir ay əvvəl çağırış edərkən və ölkəmizə qarşı ixtisaslaşmış qrupları 3 təsnifatda ayırarkən, bu məsələyə geniş yer vermişdim. Qeyd etmişdim ki, qanunvericilik sistemimiz müasir kommunikasiya nailiyyətlərinin arxasınca sürünür. Kiberfəzada hüquq fəaliyyəti kimi bunlar təsbit olunmalıdır. Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları o ölkələrə gedib bağlı qapılar arxasında danışıqlar aparmalı deyil, açıq müstəvidə məhkəmələrimiz tərəfindən qərarlar qəbul edilməli və həmin şəxslər beynəlxalq axtarışa verilməlidir. Bununla da onlar tutulub ölkəyə gətirilməlidirlər.
Dövlət Təhlükəsizlik Xidməti gözəgörünməz cəbhədə milli mənafeləri qorumaq üçün 7/24 rejimində çalışmalara malikdir. Əks Kəşfiyyat Xidməti ilə bağlı da həmin fikri bölüşmək istəyirəm. Buna ən böyük qiyməti Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra vermişdi.
“Ermənistan rəhbərliyinin masası üzərində olan bir sıra layihə və planlar, strateji sənədlər barədə məlumatlıyıq. Buna görə ölkənin məxfi xidmət orqanlarına xüsusi təşəkkür edirəm”,- deyə Ali Baş Komandan bildirmişdi.
Bizim üçün məlumatların bu və ya digər formada sızdırılması hüquqi məsuliyyət yaradan məsələdir. Eyni zamanda bu, mənəvi-siyasi baxımından pislənilməli hadisədir.
Ölkə başçısının 2019-cu ildəki bir çıxışını xatırlatmaq istəyirəm:
“Mətbuat bəzən məmurlar arasında çirkli mübarizələrin alətinə çevrilir”.
O üzdən də mən düşünürəm ki, gerçəkdən də mediadakı məlumatlar yoxlanıla bilər, həqiqətənmi hansısa məmurlar üçüncü-dördüncü dərəcədə imkanlara malikdir? Əgər bu doğrulansa, deməli, həmin şəxslər 8-ci,10-cu dərəcəli məlumat və böhtanlarla nəfəs alırlar. Mən düşünmürəm ki, burada nöqtəvi zərbələr var və deyəsən ki, məxfi sənədlər o adamlara ötürülür. 10 minlərlə məmurumuz var. Onların ranqları fərqli olsa da, bu və ya digər dövlət məlumatlarına sahibdirlər. Ayrı-ayrı insanların bir-biri ilə inciklikləri ola bilər. Almaniya məhkəməsi özünü ideal ədalət baxımından dünya çapında göstərmək istəyirsə, onda bu məsələyə də baxsın, görək kimlərsə Azərbaycan düşmənləri ilə əməkdaşlıq edir, yoxsa yox…”.
Zahid Orucun fikrincə, Azərbaycan Almaniya və digər ölkələrdəki blogerlər barədə məlumat verdikdən sonra onların hələ də himayə edilməsi mümkün deyil:
“1951-ci il qaçqınlıq haqda beynəlxalq konvensiyaya əsasən, həmin şəxslər Azərbaycan əleyhinə fəaliyyətləri, əməlləri şantajla həyata keçiriblərsə, hüquqi məsuliyyətləri qaçılmazdır. Yetər ki, Almaniyanın bir dövlət kimi siyasi iradəsi olsun. Hüquq müstəvisində Azərbaycan dövləti daim haqlıdır. Hər halda o şəxslər gündəlik olaraq Almaniya əleyhinə çıxış etsələr, həmin ölkənin səfirliyi, onların diplomatik kanalları, hökumətləri nə qədər tələblər, iddialar irəli sürər.
Onlara mühacir, bloger və sair hüquqi anlayışla yanaşmaq olmaz. Qeyd edilən məsələnin önəmli hissəsi dövlət idarəetmə sistemində monolitlik və bütövlükdür. Bu gün qalib bir liderin rəhbərliyi altında ölkəmizin həyatında taleyüklü proseslər yaşanır. Hər hansı məmur separatizminin, yaxud kolloborsionistlərin sayının çox və ya az olmasını təyin etmək xüsusi xidmət orqanlarının işidir. Belələri sərt cəzalandırıla bilər”.
Komitə sədri belə blogerlərin ölkəmizə çıxışının niyə bloklanmadığından da danışıb:
“Çünki onlar birbaşa ayaqlarından və başlarından Fransa hakimiyyət orqanlarına bağlıdırlar. Onların beyinlərinə klinik olaraq qurğu yerləşdirilməsə də, artıq düşüncə sistemi zombiləşdirilmişdir. Elə bir şərait yaradılıb ki, səhər açılandan axşama kimi dayanmadan “fəaliyyət göstərirlər”. Sual oluna bilər ki, bunlar nəylə dolanırlar?
Onların bir ay ərzində xərclərini hesabladıqda, bu heç də az bir məbləğə gəlib çıxmır.
Həmin təşkilatların başqalarını da öz təsir obyektlərinə salmaq üçün planları var. Buradan çıxarış edərək deyə bilirik ki, o qüvvələrə immunitet verən, onları gecə-gündüz qoruyan, hətta onların əvəzinə platformalarını yazan elə həmin hakimiyyət orqanalrının özüdür. Onlardan elələri var ki, öz tərcümeyi-halını səhvsiz yaza bilmir. Amma hər gün çox böyük materiya və mühüm beynəlxalq siyasi mövzulardan bəhs edirlər. Bu necə ola bilər? Həmin adamları Avropa parlamentinə də çıxarıb danışdırırlar. Cozef Borell də onları dinləyir”.