SSRİ-ni ermənilər yox, yakutlarla qazaxlar dağıtdı: 39 il əvvəl Kopçaqay gölünə tökülən 600 cəsədbackend

SSRİ-ni ermənilər yox, yakutlarla qazaxlar dağıtdı: 39 il əvvəl Kopçaqay gölünə tökülən 600 cəsəd – FOTOLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ də indiyə qədər deyilir ki, dünyanın birincidərəcəli ölkəsi olan SSRİ-nin dağılmasına səbəb milli-dini ayrıseçkilikdir və bunu Ermənistanda ermənilər başladıb.

Bəli, ermənilər sovetlər ölkəsində ən millətçi xalq olaraq hər zaman, hətta SSRİ-də “beynəlmiləl qardaşlıq” bayraqları qaldırılanda belə o bayrağın tam da dibində erməniçiliyi, erməni millətçiliyini öndə tutublar. Amma ermənilərin ilk millətçi hərəkata imza atacaq qədər cəsarətli bir toplum olmadığı aydın məsələdir. Əslində Ermənistandakı millətçi hərəkata qədər iki böyük millətçi hərəkat SSRİ-nin həssas özüllərinə ağır təsirini göstərmiş, onu laxlatmağa müyəssər olmuşdu.

NOCOMMET.az xəbər verir ki, belə bir hərəkat 1986-ci ilin dekabrında Qazaxıstanın paytaxtı Almatıda baş vermişdi. Hadisə Qorbaçovun həmin dönəmdə ölkədə apardığı yenidənqurma siyasətinə etiraz olaraq Qazaxıstan KP MK-nın 1-ci katibi Dinməhəmməd Kunayevin istefa verməsi ilə başlamışdı. Baxmayaraq ki, Qazaxıstan Nazirlər Sovetinin sədri Nursultan Nazarbayev Qorbaçova Qazaxıstana Kunayevin yerinə bir qazax təyin etməsini xahiş etdi, amma Qarbaçov qazaxların istəyinə məhəl qoymadı. O öz bildiyini edərək, Ulyanovsk vilayət partiya komitəsinin keçmiş birinci katibi Gennadi Kolbini Qazaxıstana başçı təyin etdi. Buna ilk etiraz edənlər qazaxlı tələbələr oldu və onlar Qazaxıstan Kommunist partiyası binası qarşısında böyük bir mitinq təşkil edə bildilər. Sovet mənbələri yazır ki, mitinqi dağıtmağa çalışan iki polis və buna qarşı çıxan bir nümayişçi öldürüldü. Xeyli insanın yaralandığı deyilsə də say göstərilmədi.

Azay Kərimov

Amma o vaxtkı hadisənin şahidlərindən biri Ukraynada – Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən, hərbi təhsilini başa vurduqdan sonra, 1986-cı ildə təyinatla Qazaxıstanın Almatı şəhərindəki hərbi-hissəyə göndərilən polkovnik Azay Kərimov saytımıza açıqlamasında fərqli fikirlər söylədi:

– Kütləvi insan qırğınını da ilk dəfə 1986-cı ilin soyuq dekabrında Almatı hadisələri zamanı gördüm. O ilk milli zəmində olan ən böyük iğtişaş idi ki, sonrakı münaqişələrə yol açdı. Səbəb kimi Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsindən Dinməhəmməd Kunayev çıxarıldı və ora birinci katib olaraq Moskva tərəfindən qeyri-qazax Gennadi Kolbinin təyin edildi. Bu Almatıda çox sərt qarşılandı və qazaxların heysiyyətinə toxundu.

O vaxt dövlət meydanı kimi fəaliyyət göstərən Brejnev meydanı (hazırda Respublika Meydanı-red-Ə.R) ) bir gecədə etirazçılar tərəfindən tutuldu. Dekabrın 16-da başlanan mitinq 2 gün müddətində məcrasını dəyişərək siyasiləşdi və nəzarətdən çıxdı.

Etirazçılar dinc insanlara hücum edir, rusları döyür, bəzən öldürürdülər. Ticarət, iaşə və digər obyektlərə hücumlar təşkil edirdilər, sərnişinləri marşrutdan düşürür, avtobusu yandırırdılar. Küçəyə çıxmaq həyat üçün təhlükə yaradırdı.

– Ordu hadisələrə necə müdaxilə etdi?

– O vaxt SSRİ–nin müdafiə naziri Sergey Sokolov idi. Gecədən bizə yazılı “əmr” gəldi. Əmri general-leytenant S. Nurmaqambetov imzalamışdı. Əmrdə deyilirdi ki, döyüş silahından və patrondan istifadə edilməsinə tam icazə var, … əmr verdilər ki, qırın. Almatı faciələrində kifayət qədər adam ölmüşdü. Mən Sovet ordusunun nəyə “qadir” olduğunu ilk dəfə orada gördüm. Həmişə demişəm, 20 yanvar faciəsi Almatı faciəsi qarşısında heç nə idi.

– Etirazçılara atəş açılması hansı hadisədən sonra baş verdi?

– Hərbi qüvvələr iğtişaşların ilk günündən meydandaydı. Dekabrın 16-19-u ərzində Almatının girişlərində 50 min hərbçidən ibarət qüvvə yerləşdirilmişdi, Aktau buxtasının giriş-çıxışı Xəzər hərbi donanmasının gəmi və katerləri vasitəsilə blokadaya alınmışdı. Daxili Qoşunların əsgərləri və hərbçilər meydanı mühasirəyə almışdı. Bu vaxt çox gənc və milliyyətcə rus olan bir əsgər təsadüfdənmi, yaxud plan üzrəmi, bilmədik, etirazçılara yaxınlaşıb onlardan bir siqaret istədi. Etirazçılar onu bir anda qamarlayıb, kütlənin içərisinə apardılar.Əsgəri elə o dəqiqə öldürdülər və meyidini də mühasirə yaradan hərbçilərin yaxınlığına atdılar. Bir anlığa nə olduğunu anlamadıq və həmin əsgərin həmyerlisi, dostu olan başqa bir əsgərin hərbi yük maşınını sürətlə etirazçıların üzərinə sürdüyünü gördük. Onlarla insanın cəsədləri meydanla bir oldu. Etirazçılar həmin əsgəri də öldürdülər. Bu olaydan sonra bizə “atəş” əmri verildi. Meydan yüzlərlə insanın cəsədləri ilə doldu.

Meydanda təxminən 600-dən çox cəsəd vardı. Amma qazaxların fərasətsizliyi onda oldu ki, bir dənə də cəsəd əldə edə bilmədilər. Çünki hərbçlər cəsədləri dərhal yığışdırır və yanğınsöndürənlərlə gəlib hər yeri yuyurdular. Bir dənə də iz qalmırdı. Cəsədlərin hamısını yığıb Kopçaqay gölünə tökürdülər. Qazaxlar azərbaycanlılardan fərqli olaraq bu faciəni siyasiləşdirə bilmədilər.

Oxucularımıza onu da bildirək ki, Almatı hadisələri milli-dini zəmində ilk böyük hərəkat deyildi. Bundan əvvəl isə, yəni həmin ilin aprelində ilk dəfə Yakutiyada baş vermişdi.

Rus və yakut millətindən olan tələbələr arasında ölüm və yaralanmalarla müşayiət olunan əlbəyaxa davalar ölkədə böyük çaşqınlıq yaratmışdı.

Ən qorxulusu o idi ki, millətçi gənclərin sırası böyüyür, davalar daha amansız dövrünə girirdi. Uzun müddət qarşısı alına bilməyən bu qarşudrmalar aprelin sonuna kimi davam etdi və böyük nümayişin keçirilməsinə səbəb oldu. Nümayişçilərin əllərindəki plakatlarda isə yazılmışdı: “Yakutiya yakutlar üçündür, rədd olsun ruslar” .

Xatırladaq ki, Ermənistanda isə bu proses 1987-ci ildən başlayır.

Belə ki, 1987-ci ildə akademik Abel Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.

1987-ci il iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci il oktyabr ayında İrəvanda “Qarabağ komitəsi” ilk açıq mitinq keçirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. 1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.

Əntiqə Rəşid