Təbəəsində olan tək-tək insanların deyil, türk əsilli toplumların, xalqların düşməni hesab edilən İosif Vissarionoviç Stalin ( Cuqaşvili) 29 il hakimiyyəti ilə nəinki SSRİ-də, eləcə də bütün dünyada dəhşət saçan 1 nömrəli diktator olub.
Onun “Böyük təmizləmə” dövrü adlanan kütləvi repressiyaların nəticələrini indiyə qədər heç bir diktator yeniləyə bilməyib.
Bu gün böyük diktatorun doğum günüdür – 145
Baxmayaraq ki, İosif Stalin uzun illər 21 dekabrı öz doğum günü kimi qeyd edib, amma onun həqiqi doğum günü 1879-cu ilin 18 dekabr olduğunu bilirik. Əslində kilsədə verilən şəhadətnamədə də belə qeyd olunub. Amma 20-ci əsrin əvvəllərində Stalin doğum tarixini 1879-cu il 21 dekabr tarixinə dəyişir. Onun niyə belə bir addım atdığı naməlumdur. Amma o dövrdən sonra “millətlər atası”nın rəsmi doğum günü 21 dekabr sayılır.
Bu gün sizə onun həyat və “yaradıcılığı” ilə bağlı məlumatlar vermək fikrində deyilik. Bu dəfə onun qədim köklərimizə qarşı başlatdığı “səlib” yürüşünü və bu yürüşdə qalib olduğunu oxucularımıza çatdırmaqdır.
Tarixən rus çarlarının hamısı türk kökənli xalqları özünə düşmən hesab edib və bunların başında I Pyotr dayanır. I Pyotrun türk əsilli xalqlara qarşı yeritdiyi düşmən münasibət, qısqanclıq və məkri, yazdığı “vəsiyyətnamə” haqqında danışmağı artıq hesab edirik və bu haqda geniş məlumata malik olduğunuzu bilirik.
Amma təsəvvür edin ki, Stalinin türk düşmənçiliyi bütün rus çarlarını kölgədə qoyub. Onun türk xalqlarına qarşı apardığı repressiya və sürgün siyasəti bir yana, qədimlərə dayanan türk tarixini də yerlə-yeksan etdiyini arxeoloqlar, tarixçilər çoxdan sübut edib.
Stalinin MİNGƏÇEVİR xəyanəti
Bildiyiniz kimi, Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. Yaşayış məskəni olaraq 5 min il bundan əvvəl, hələ e.ə. III minillikdə mövcud olub.

Məsələn, Azərbaycanda tapılan ən qədim sırğa Mingəçevirdən, Tunc dövrünə aid edilən 5 № -li kurqandan tapılıb. İlk dəfə burada 1871-ci ildə alman həvəskar arxeoloqu F. S. Bayer tərəfindən səthi tədqiqat işləri aparır və o Mingəçeviri dirəklər üzərində qurulmuş rayon kimi təsvir edilir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmur. Yalnız 1935-ci ildə professor Y. A. Paxomovun rəhbərliyi altında qazıntılara başlanılır, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilir.
Təsəvvür edin , Böyük ticarət yolu üzərində yerləşən Mingəçevir Kür çayında ən münasib keçid kimi XVIII–XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində öz əhəmiyyətini itirməmişdir.

Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa tanınmış tarixçi, coğrafiyaşünasların əsərlərində də rast gəlmək olur.
Paxomovun qədim türklərin qədim məskəni ilə bağlı tədqiqatları birbaşa Mərkəzi Komitəyə çatdırılır.
Stalinin SUMQAYIT xəyanəti
Sumqayıt ərazisində də qədim insan məskənlərinin olduğu da dünya ya məlumdur. Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Amma Sumqayıt adı Rəşidəddin Fəzlullahın “Cami ət-təvarix” əsərində türk tayfaları arasında qeyd edilir. Həmin əsərdə Çingiz xan zamanında türk tayfalarının adları çəkilərkən Kunkqay və ya Sunkqayt (Khunkqait) tayfasının adı Qarait (Kirait), Cirkin, Sakait (Sakaut), Tumavut, İlbat, Nayman (Naiman), Yiti-i Tokluq, Tanqut və Unkut tayfaları arasında qeyd edilir.
1845-ci ildə Tiflisdə dərc olunmuş, “1846-cı il üçün Qafqaz təqvimi”ndə Stavropol-Bakı yolundakı stansiyaların içində Sumqayıtın ən axırıncı, Bakıya ən yaxın stansiya olduğu qeyd olunub.

Rus səyyahı İ.Beryozin 1849-cu ildə Dağıstandan Bakıya gələn zaman Sumqayıt stansiyasından keçmişdir.
O, Sumqayıtın kasıb yer olduğunu deyib: “…torpaq qurudur, sarıdır… heç bir yerdə su yoxdur. Nə bir yarpaq, nə bir kol var, yalnız daşlar və tikanlar, budur yerli torpağın vəziyyəti”.
Böyük Britaniyada nəşr olunan “The York Herald” qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib.
Sumqayıt ərazisini araşdıran sovet alimlərinin, arxeoloqlarının, tarixçilərinin də tədqiqatları birbaşa Mərkəzi Komitəyə çatdırılır. Tədqiqatlar, qazıntılar dayanır, açılmış kurqanların üstü örtülür.
Artıq Mərkəzi Komitə – bir başa Stalin 1935-ci ildə Mingəçevir və Sumqayıt ərazilərində sənaye mərkəzi tikmək planlanının hazırlanması ilə bağlı təcili göstəriş verir.
1938-ci ildən başlayan tikinti müharibə başlayana qədər davam edir. Müharibədən sonra hər iki ərazidə yerləşən qədim kurqan və təpələrin üzərində müasir şəhər salınır. Türk tarixinin izləri çoxmərtəbəli binaların, irihəcmli zavod və qalın asfaltın altına gömülür.
Tikinti elə sürətlə aparılır ki, 4 ildən sonra – 1949-cu ildə artıq Sumqayıta şəhər statusu verilir.
Elə Mingəçevir də az zaman kəsiyində sürətlə tikilir və 11 noyabr 1948-ci ildə şəhər statusu alır.
Beləcə, ermənilərin “böyük ermənistan “uydurmasına rəvac verən Stalin 4 dekabr 1920-ci ildə “Pravda” qəzetində dərc olunmuş “Yaşasın Sovet Ermənistanı” məqaləsində Baksovet deklarasiyasının mətnini kobudluqla təhrif edərək Zəngəzur, Naxçıvan və Qarabağın Sovet Ermənistanına verildiyini təntənə ilə elan etmişdi.

Türk xalqlarının düşməni: Lənətlənmiş vampir
1953-cü ilin 5 martında ölən Stalinin cənazəsi 9 martda Lenin Movzaleyinə götürülür. Dəfndə iştirak etmək üçün Qızıl meydan insanlarla dolmuşdu. Şahidlərdən biri çox sonralar yazırdı ki, insanlar bir –birini qucaqlayaraq ağlayır, hönkürtü səsləri göyə yüksəlirdi. Sürgün, güllələnmə, evi müsadirə olunma, var-dövləti əlindən alınma, üstünə “xain”, “satqın” etiketi yapışdırılma qorxusundan gözləri qorxmuş müti insanlar Stalini yanıqla, ah-nalə ilə ağlayırdılar.
Həmin gün “xalqların atası” , “dahi rəhbərim” deyib dəfn mərasiminə kütləvi şəkildə axın edən insanlar daha ağır bir hadisəylə qarşılaşdılar. Daha doğrusu, gözəgörünməz bir QÜVVƏ tərəfindən cəzalandırıldılar.
Belə ki, dəfn zamanı basabas düşür və xeyli insan ölür. Kifayət qədər də insan xəsarətlər alır.
O zaman həlak olanların dəqiq sayı hələ də məlum deyil, lakin ölənlərin sayı kifayət qədər çox olub.
Həmçinin bir fakt da məlumdur ki, basabasda həlak olanlardan biri “1422” nömrəsi alıb. Nömrələmə, yalnız o cəsədlər üçün aparılırdı ki, onları qohumlarının və ya dostlarının köməyi olmadan müəyyən etmək mümkün deyildi. Lənətlənmiş birinə layiq olmadığı sevgini nümayiş etdirərsən…. Olacağı bu.

Əntiqə Rəşid










