NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Kursk əməliyyatı zamanı əldə etdiyi uğurları dəyərləndirib və ona münasibətindən danışıb.
NOCOMMENT.az xəbər verir ki, bunu “Foreign Policy”yə nəşrinə müsahibəsində Yens Stoltenberq danışıb.
O qeyd edib ki, NATO müttəfiqləri hərbi dəstək versələr də, Ukraynanın müharibə planlarına heç bir şəkildə təsir göstərmirlər və bütün qərarları ukraynalılar özləri verirlər.
“NATO və NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Hərbi dəstəyin 99 faizi NATO və NATO müttəfiqlərindən gəlir. Biz onlara məsləhət veririk. Biz təlimlər keçiririk. Amma biz müharibə aparmırıq. Biz Ukrayna ordusuna komandanlıq etmirik. Bu çətin qərarlar ukraynalıların özləri tərəfindən qəbul edilməlidir”, – Stoltenberq bildirib.
O, həmçinin qeyd edib ki, Kursk əməliyyatı Ukrayna qoşunlarının çevikliyini və hücum imkanlarını nümayiş etdirib, eyni zamanda Rusiya qoşunlarına ağır itkilər verib və ukraynalıların mənəviyyatını yüksəldib.
“Əlbəttə, müharibədə həmişə risk və qeyri-müəyyənlik var, buna görə də bütün bunların qarşıdakı həftələrdə və aylarda necə inkişaf edəcəyini müzakirə edərkən çox diqqətli olacağam, amma yadda saxlamalıyıq ki, ukraynalılar çox bacarıqlıdır”, – deyə o vurğulayıb.
O xatırladıb ki, müharibənin əvvəlində Rusiyanın bir neçə gün ərzində Kiyevi, Ukraynanın isə bir neçə həftə ərzində nəzarəti ələ keçirəcəyi ilə bağlı fikir var idi, lakin Ukrayna nəinki müqavimət göstərdi, hətta Rusiya ərazisini işğal etdi.
“Ona görə də mən hesab edirəm ki, biz ukraynalılara və onların böyük qeyri-müəyyənlik şəraitində mürəkkəb döyüş meydanında və əməliyyatlar teatrında qərarlarına etibar etməyə davam etməliyik”, – Stoltenberq yekunlaşdırıb.