Dünyada su ehtiyatlarının çoxluğu onun yalnız məlum məqsədlər üçün deyil, həm də digər faydalı istifadələr üçün araşdırılmasını zəruri edir. Yaponiyanın bir qrup alimi adi sudan və günəş işığından istifadə edərək hidrogen yanacağı istehsal texnologiyasını təkmilləşdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Live Science” elmi bülleteni məlumat yayıb.
Tədqiqatçılar texnologiyalarını yoxlamaq üçün təxminən 100 kvadratmetr sahəsi olan fotokatalitik reaktor hazırlayıblar. Bu reaktorda su molekulları oksigen və hidrogen atomlarına parçalanır, nəticədə təmiz hidrogen əldə olunur. Bu hidrogen isə bərpa olunan yanacaq kimi istifadə edilə bilər. Texnologiyanın detalları “Frontiers in Science” jurnalında dərc olunub.
“Fotokatalizatorlar vasitəsilə günəş işığı təsiri altında suyun parçalanması günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsi və saxlanması üçün ideal texnologiyadır. Fotokatalitik materiallar və sistemlər sahəsində son nailiyyətlər bu texnologiyanın reallaşması ilə bağlı ümidlər yaradır. Lakin hələ də bir çox problemlər qalır”, deyə tədqiqatın rəhbəri, Yaponiyanın Şinşu Universitetinin kimya professoru Kazunari Domen bildirib.
Qeyd olunur ki, hazırda mövcud olan əksər “birpilləli” katalizatorlar suyu birbaşa hidrogen və oksigenə parçalamaqda çox səmərəsizdir. Yapon alimləri isə daha mürəkkəb iki mərhələli prosesdən istifadə edən fotokatalizator yaratmağa çalışırlar. Bu prosesin birinci mərhələsində oksigen, ikinci mərhələsində isə hidrogen ayrılır. Lakin bu texnologiyanın effektivliyi hələ də kommersiya istifadəsi üçün kifayət qədər yüksək deyil: süni işıq altında cəmi 1%, təbii günəş işığı altında isə 5%-dən azdır.\\Valyuta.az