Sualların satılması şərəfsizlikdir, vətənə xəyanətdir!backend

Sualların satılması şərəfsizlikdir, vətənə xəyanətdir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində müəlliflərdən biri olan Siracəddin Quluzadənin onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına əlavə edilməsi təsdiq olunub.

Nazirliyin məlumatına görə, həmin şəxsin qanunsuz hərəkəti ilə bağlı hüquqi addımlar atılacaq. Bəs bu məsələnin hüquqi tərəfi nədən ibarətdir? Belə olan halda müəllifi hansı cəza gözləyir?

NOCOMMENT xəbər verir ki, təhsil eksperti Kamran Əsədov yenisabah-a açıqlamasında deyib ki, bu cür səhvlərin baş verməsi ilk dəfə deyil.

O, qeyd edib ki, müəllimlərin işə qəbulu imtahanı 2009-cu ildən keçirilir və 2013-ci ildən yeni mərhələyə qədəm qoyub: “Etiraf edək ki, son illər ərzində müəllimlərin işə qəbulu ilə bağlı ciddi pozuntular var. Məsələn, 2019-cu ildə elmi və texniki baxımdan səhv idi. Sonrakı illərdə seanslar arasında sualların təkrarlanması, eyni zamanda bəzi müəllif heyəti tərəfindən sualları təqdimetmə faktları da var idi. Amma bu il tamamilə dəhşətli bir hal baş verdi.

Qeyd edim ki, müəllimlərin işə qəbul imtahanı hüquqi baxımından orta ümumtəhsil məktəblərində müəllim vəzifəsinə getmək üçün yeganə vasitədir. Baş verənlər onu göstərir ki, müəllimlərin işə qəbul imtahanı şəffaf həyata keçirilmir. Burda müəyyən maxinasiyalar var və bunu təşkil edən şəxslər maddi maraqlarının qarşılığında sualları namizədlərə təqdim edirlər”.

Ekspert hesab edir ki, imtahanın nəticələri ləğv edilməli və bu işdə əli olan hər kəs istefa verməlidir: “Qeyd edim ki, burda çox ciddi şəkildə pozuntu var. Bu 3 sualın etiraf edilməsi məsələnin həlli deyil. Birmənalı şəkildə müəllimlərin işə qəbulu imtahanını təşkil edənlər hər biri istefa verməlidir. Bu il keçirilən MİQ imtahanları hamısı ləğv edilməlidir.

Biz, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq MİQ imtahanlarının keçirilməsini öz üzərimizə götürə bilərik. Hesab edirik ki, təhlükəsiz, etibarlı və keyfiyyətli imtahanları yalnız Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi keçirə bilər.

Bu həm də hüquqi pozuntudur. Mütləq şəkildə onlar cəzalandırılmalıdırlar. Bütün şəxslər, eləcə də MİQ imtahanında texniki işçidən tutmuş rəhbərə qədər hər biri ərizəsini yazıb getməlidir. Çünki bu vicdansızlıqdır. Sualların pulla satılması və bunun təşkili şərəfsizlikdir, vətənə xəyanətdir. Bu həm də 4000-dən çox riyaziyyat müəllimliyinə imtahan vermiş şəxslərə hörmətsizlikdir. Və hüquqi baxımından bunun çox ağır məsuliyyəti var.

Qanunvericiliyin tələblərinin pozulması faktı var ortada. Hesab edirəm ki, adi bəyanatla öz işlərini bitirmiş hesab etməməlidirlər. Çünki onlar insanların hüquqlarını tapdayıblar, məxfilik və loyallıq prinsipini pozublar. Düşünün, MİQ imtahanını təşkil edən şəxslər sosial şəbəkələrdə ordu yaradaraq mənə və bu məsələni qaldıran digər şəxslərə qarşı səlib yürüşünə çıxaraq deyirdilər ki, hər hansı qanun pozuntusu yoxdur. Bu o deməkdir ki, bu qanunsuz prosesi dəstəkləyən hər kəs Təhsil Nazirliyindən uzaqlaşdırmalıdır. Hətta bəzi məktəb direktorları, direktor müavinləri də bu qanunsuzluğu dəstəkləyirdilər. Bu şəxslər də cəzalandırılmalıdır. Əmək Məcəlləsinin 70.c bəndini əsas götürərək birbaşa olaraq təhsil sistemində çalışmalarına qadağa qoyulmalıdır və məsuliyyətə cəlb edilməlidirlər.

Çünki, bu insanlar maddi maraq qarşılığında ölkə başçısının keçirdiyi təhsil islahatlarına kölgə salırlar. Hətta qeyd edim ki, yalançı görüntü yaratmaq məqsədi ilə imtahanları yoxlamağa gedən nazir müavini də daxil olmaqla Təhsil İnstitutunun direktoru və digər şəxslər istefa verib məsuliyyətə cəlb edilməlidirlər”.