Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin maddələrinin 80 faizə qədərinin razılaşdırılması iki ölkə arasındakı uzunmüddətli münaqişənin həllinə doğru mühüm addım kimi qiymətləndirilməlidir. Bu, müharibə və hərbi gərginliklərlə dolu olan və on illərlə davam edən qarşıdurmanın əsas problemlərinin həlli istiqamətində tərəflərin əhəmiyyətli irəliləyiş əldə etdiyini göstərir.
NOCOMMENT.az xəbər verir ki, bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda “Biz Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür – Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması… özü belə düzgün istiqamətdə atılan addımdır” deməsi, bunun ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın eyni mövqeni paylaşmasına dair bəyanatı tərəflərin sülh müqaviləsinin tezliklə imzalanmasına dair ortaq baxışlarının olduğunu göstərir.
Sülh müqaviləsinin 80 faizə qədərinin razılaşdırılması hər iki tərəfin əksər fundamental məsələlərdə ortaq mövqe tapdığına işarədir. Bu, münaqişənin əsasını təşkil edən məsələlərin həllinin yaxın olduğunu göstərir və bölgədə uzunmüddətli sülh üçün zəmin yaradır. Digər tərəfdən hər iki tərəfin sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi siyasi iradəyə malik olduğunu nümayiş etdirir. Lakin hələ də Ermənistanın üzərinə düşən müəyyən öhdəliklər var və onların yerinə yetirilməsi vacibdir. Ermənistan konstitusiyasının yenilənməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməsi, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin açılması bu sırada mühüm yer tutur.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin 80 faizə qədərinin razılaşdırılması ilə bağlı irəliləyiş regionda sülh və sabitlik üçün çalışan beynəlxalq aktorlar, xüsusilə də Rusiya, Avropa İttifaqı və ABŞ üçün də vacibdir. Bu, onların daha bir yükdən azad olması, beynəlxalq qüvvələrin Cənubi Qafqazdakı maraqlarının region dövlətlərinin milli maraqlarına toxunmadan təmin olunması üçün də vacibdir. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, 80 faizlik nəticənin əldə edilməsi yalnız Azərbaycan və Ermənistanın birgə səyləri ilə mümkün olub. İkinci Qarabağ müharibəsindən keçən dövr sübut edib ki, tərəflər vasitəçilər olmadan dil tapa, daha praqmatik qərarlar qəbul edə bilirlər.
Razılaşdırılan maddələr ərazilərin yenidən qurulması, sərhədlərin delimitasiyası və iqtisadi əlaqələrin bərpasına da xidmət edəcək. Bu, tərəflər arasında iqtisadi əlaqələrin canlanmasına və bölgədə iqtisadi inkişaf üçün şəraitin yaranmasına yardım edəcək. Bundan əlavə, müqavilənin əhəmiyyətli hissəsinin razılaşdırılması, hər iki tərəf arasında hərbi gərginliyin azalmasına da ciddi təsir göstərəcək. Bu, həm də hər iki ölkə arasında diplomatik kanalların daha effektiv işləməsinə və hərbi eskalasiyaların qarşısının alınmasına yardımçı olacaq.