Sülh sazişi bu tarix və məkanda imzalanır – Bakının sürpriz qonağı olacaqbackend

Sülh sazişi bu tarix və məkanda imzalanır – Bakının sürpriz qonağı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Ermənistan Baş naziri Nikol Paşinyan noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülh müqaviləsinin imzalana biləcəyini açıqladı. Hətta hər an imzalanmağa hazır olduğunu söylədi. Sizcə, müqavilə imzalanmaq üçün hazırdırmı, yəni Paşinyanın pozitivliyi üçün bir əsas varmı?

– Mən də sülh müqaviləsinin imzalanmasına nikbin baxıram. Bunun üçün yaxşı fürsət və şans yaranıb. Çünki müqavilə və ya çərçivə sazişi üzrə bütün prinsipial məsələlər razılaşdırılıb. Demək olar ki, sərhədlərin delimitasiya və demarkasiyasından başqa yerdə elə ciddi bir şey qalmayıb. Kommunikasiyaların açılması və digərləri texniki məsələlərdir, müqavilədən sonra da həll etmək olar, sərhəd məsələsi də bura aiddir. Görünən budur ki, tərəflər ciddi şəkildə sülhə can atırlar, prosesi yekunlaşdırmaq istəyirlər. Azərbaycan hazırdır, Ermənistan da yayınmasa, tezliklə yekun nəticəni rəsmiləşdirmək olar. Sanki sülhə mane olacaq amillər də yoxdur. Əlbəttə, prosesə əngəl olmaq istəyənlər var, amma zənnimcə, bu maneələr aşılıb.

– Təxminən tarix məlumdur, bəs məkan – harada imzalana bilər?

– Ümumiyyətlə, sülh müqaviləsinin imzalanması prosesi təntənəli və tarixi bir hadisədir. Bu, uzun illər bir-birləri ilə müharibə aparan iki dövlət və xalq arasındakı münaqişəyə son qoyan bir olaydır. Bəzən adamın fikrindən keçir ki, Qazaxın işğaldan azad edilmiş kəndlərindən birinin ətrafında çadır qurulsun, iki dövlətin lideri elə orada sülh müqaviləsini imzalasın. Tarixdə belə hallar baş verib. Amma mənə elə gəlir ki, sülhyaratma sahəsində tarixi ənənələrə sahib olan və rol oynamış ölkələrdən birinin paytaxtını seçmək olar. O ölkə ki, heç kimə qarşı aqressiv siyasət aparmır, heç kimə qarşı müharibədə iştirak etməyib, həmişə neytrallığı və xoş niyyəti ilə seçilib.

Məsələn, bu baxımdan qardaş Türkmənistanın paytaxtı Aşqabadı seçmək olar. Eləcə də İsveçrənin paytaxtı Berni deyərdim. Bern indiyədək bir çox sülh proseslərinə ev sahibliyi edib. Mən Aşqabad və ya Bernin üzərində dayanılmasının tərəfdarıyam.

– Saziş noyabra qədər imzalansa, Paşinyan COP29-da iştirak üçün Bakıya dəvət edilə bilərmi, edilsə, gələrmi? Bu məsələ Milli Məclisdə də gündəmə gətirilmişdi.

– Məncə, məmnuniyyətlə gələrdi. Elə Paşinyanın özü də müqavilənin noyabra qədər imzalana biləcəyini söyləyir. Sülh sazişi imzalanarsa və dövlətlərarası münasibətlərdə yeni səhifə açılarsa, bu müqavilənin yaradacağı müsbət təəssürat və atmosferi daha da gücləndirmək üçün Paşinyan mütləq COP29-a qatıla bilər. Güman edirəm ki, təklif olsa, Paşinyan iştirak edər.

– Sülh müqaviləsi gərginliyi aradan qaldıracaqmı, düşmənçilik və ermənilərin ölkəmizə qarşı ərazi iddiaların son qoyacaqmı?

– Ən azı Paşinyanın bəyanatları o yöndədir ki, ərazi iddiaları və düşmənçilik Ermənistana yaxşı heç nə vəd eləmir. Paşinyanın bir sözü var: “Erməni xalqı minillər boyu dövləti olmaması ucbatından keşişlər və onların ətraflarında sülənən saxta tarixçilərin təsiri altında olub. Bu keşişlər və saxta tarixçilər “Dənizdən dənizə Ermənistan”, “Böyük Ermənistan” kimi ağlasığımaz xülyaları, mifləri ermənilərin beyinlərinə yeridiblər. Bu xülyalar uzun illər ermənilərin beyinlərində kök salıb”.

Paşinyan etiraf edir ki, ermənilər dünya haqda kitablar oxumayıblar, dünya haqda bilgilərə malik deyillər, siyasətdən də bixəbərdirlər: “Mən desəm ki, gəlin, Ermənistandan Şimal Buzlu okeanına qədər əraziləri alım sizə verim, bir erməni keşişi kənardan çıxıb deyəcək ki, yox, bu, bəs eləmir, Şimal Buzlu okeanından Antarktidaya qədər torpaqları almalıyıq”.

Paşinyan açıq şəkildə söyləyir ki, erməni xalqının dünyagörüşü, təfəkkürü və dünyanı qavramaq tərzini bu cür korlayıblar, onu reallığı qəbul etmək kimi keyfiyyətlərdən məhrum ediblər, bu səbəbdən də ermənilər reallıqdan çox uydurma tarixlə yaşamağı çox sevirlər. Paşinyan həm də ona etiraz edir ki, təkcə keşişlər yox, ziyalılar da öz xalqını aldatma prosesində din xadimləri qədər rol oynayıblar. İndi Paşinyan bu sözlərində səmimimidirsə, bu məsələnin üzərində işləyəcək və reallığı öz xalqına qəbul etdirəcək. Erməni xalqındakı bu mümkün dəyişiklik düşmənçiliyə son qoya bilər. Biz sarıdan onlara bir problem yoxdur.

– Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışan revanşistlərin etiraz aksiyaları haqda fikriniz nədir, bugünkü mənzərəyə baxdıqda deyə bilərikmi ki, planları fiaskoya uğradı?

– Birmənalı! Əvvəldən deyirdim ki, başqa ölkələr tərəfindən körüklənən bu “hərəkat” fiaskoya uğrayacaq. İndi bu, aydın görünür. Bu qondarma “xalq ayaqlanması”nı körükləyən revanşist “Qarabağ klanı”nın rəhbəri Robert Köçəryan idi. Köçəryan da bunu erməni kilsəsi və II Qareginlə birgə həyata keçirirdi. Paşinyan kilsənin susması üçün lazım olan addımları atır. Məsələn, vergi qurumları kilsəyə məxsus əraziləri, istehsal müəssisələri və digər obyektlərini yoxlamağa başlayıb. Məlum oldu ki, onlar bir dəfə də olsun, dövlətə bir qəpik də vergi ödəməyiblər. Üstəgəl, məsələn, istehsal etdikləri şərabı dövlət müəssisəsində istehsal edilən şərabdan 3-4 dəfə baha satıblar. Şərablarını “müqəddəs iksir” kimi baha qiymətə insanalara sırıyıblar. Artıq erməni kilsəsinin bu “müqəddəs bazarı” bağlanıb.

Kilsəyə hücum başqa formalarda da davam edəcək. Həmçinin kilsəyə dəstək verən “Qarabağ klanı”nın rəhbərləri Köçəryan və Sərkisyanın üzərində də saysız cinayətlər var. Yəqin ki, qarşıdakı dövrdə bu məsələlərə də ciddi diqqət yetiriləcək.