“Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına hər cür kömək etməyə hazırdır”.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar zamanı deyib.
“Biz bugünkü görüşdən regionumuzun ən mühüm məsələlərindən birinin – mən Cənubi Qafqazda uzunmüddətli sabitləşməni nəzərdə tuturam – həlli üçün istifadə etmək istəyirik. Əminik ki, buna ən qısa yol Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsidir. Bir sıra əlavə sənədlər liderlərimiz tərəfindən nəzərdən keçirilmək üçün hazırlanır”, – o vurğulayıb.
S.Lavrov bildirib ki, razılaşmaların ən yüksək səviyyədə icrasına xüsusi diqqət yetiriləcək: “Biz buna hər cür kömək etməyə hazırıq”.
O əlavə edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Rusiya XİN başçısı xatırladıb ki, bu il iyulun 7-də Moskvada iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib: “Ticarət əlaqələri genişlənir, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla, regional, hətta qlobal əhəmiyyət kəsb edən birgə layihələrə start verilib”.
S.Lavrov əlavə edib ki, Xəzər dənizində, o cümlədən regional təhlükəsizlik kontekstində əməkdaşlıq mexanizminin dəstəklənməsi və intensivləşdirilməsi də diqqət mərkəzindədir: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən, hamının razılaşdığı “3+3” konsultativ regional platformasını nəzərdə tuturam”.