Sülhməramlılar gedəndən sonra Qarabağda vəziyyət necə olacaq?backend

Sülhməramlılar gedəndən sonra Qarabağda vəziyyət necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının mandatı uzadılmayacaq və onlar 3 ildən sonra Azərbaycan ərazilərini tərk etməli olacaqlar.

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı bu məsələyə aydınlıq gətirib. Dövlət başçısı Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılmayacağını diqqətə çatdırıb.

“Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir”, – deyə Ali Baş Komandan sülhməramlı məsələsinə nöqtə qoyub.

Beləliklə, 3 ildən sonra Qarabağda bir nəfər belə sülhməramlı qalmayacaq.

Maraqlıdır, rus hərbçilərin gedişindən sonra Qarabağın ümumi mənzərəsi necə olacaq?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern-ə danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, sülhməramlılar Azərbaycan ərazilərindən nə qədər tez çıxsalar, bizim üçün bir o qədər faydalıdır: “Rusiya sülhməramlıları Qarabağın dağlıq hissəsinə gəldiyi gündən öz missiyalarını yerinə yetirməyiblər. Onlar özlərini Rusiya Federasiyasının hərbi kontingenti kimi aparırlar.

Sülhməramlılar ilk gündən Qarabağın dağlıq hissəsindəki erməni separatçıları, terrorçuları himayə etməklə məşğuldurlar. Onlara Ermənistan ərazisindən silah-sursat daşıyırlar. Bu hərəkətlər 90-cı illərin əvvəlində Azərbaycanda olan Sovet İttifaqına məxsus hərbi kontingenti xatırladır. Onlar da ermənilərlə əməkdaşlıq edir, işğalçıları silahlandırırdılar. Hətta torpaqlarımızın işğal edilməsində birbaşa iştirak edirdilər. Məhz buna görə də, Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşən sülhməramlıların tez bir zamanda ərazidən getməsi bizim üçün faydalıdır”.

Deputatın sözlərinə görə, sülhməramlılar ərazini tərk etdikdən sonra ermənilər aciz olduqlarını bir daha dərk edəcəklər: “Sülhməramlılar getdikdən sonra əgər üçüncü qüvvələr – Rusiya, Fransa, İran kimi təxribatçı dövlətlər araya girib erməniləri yenidən qızışdırmasa, onları müharibəyə hazırlamasalar, ermənilər bizimlə təkbətək qalsalar, Azərbaycanın gücünün qarşısında çox aciz və zəif olduqlarını dərk edəcəklər, nəticədə bizimlə dinc qonşuluq etmək məcburiyyətində qalacaqlar. Hətta murdar əməllərdən əl çəkəcəklər. Təəssüf ki, bu indiyədək olmayıb. Çünki onlar tarixi boyu çar Rusiyası dövründə də, İran, Türkiyə, Suriya və Livan ərazisində yaşayanda da kiminsə əlində alətə çeviriliblər. Yəni bunların xasiyyətinə bələd olan qurumlar və dövlətlər öz maraqları üçün onlardan istifadə ediblər. Bu gün də həmin qüvvələr öz mövcudluqlarını qorumaq naminə bölgədə gərginliyi, münaqişə ocağını saxlamaq istəyirlər.

Bunun üçün erməni toplumundan alət və maşa kimi istifadə edirlər. Onları silahlandırıb təlimatlandırırlar. Deyirlər ki, “biz arxanızda durmuşuq arxayın olun”. Bunu isə Ermənistanın xatirinə yox, öz maraqlarına görə edirlər. Ermənilər Azərbaycanın qarşısında aciz qalsalar, mütləq sülhə razı olacaqlar”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə düşünür ki, üç il sonra Qarabağdan sülhməramlılar çıxacaq və Azərbaycanın qələbəsi möhkəmlənəcək.

Eks-nazir bildirib ki, bununla yanaşı, Qarabağın dağlıq hissəsindən Rusiya sülhməramlıları getmədən öncə bir sıra tədbirlər görülməlidir: “Bu tədbirlər içərisində prioritet reinteqrasiya prosesi olmalıdır. Bölgələrin Azərbaycanın qanunvericiliyinə uyğun idarə edilməsi vacibdir. Təbii ki, hərbi və təhlükəsizlik sahəsində də işlər görülməlidir. Bu müddət ərzində Azərbaycan tərəfi elə vəziyyət yaratmalıdır ki, sülhməramlılar və monitorinq qrupu Azərbaycanın marağına uyğun hərəkət etsinlər”.

T.Zülfüqarov qeyd edib ki, indi əsas məsələ ermənilərin bu zaman çərçivəsində təxribat törədib-törətməməsi ilə bağlıdır: “Mən hesab edirəm ki, ermənilər bölgədə təxribat yaratmaq istəyirlər. Biz bundan əvvəl dırnaqarası mitinq toplanışının şahidi olduq. Məhz bu, gələcək təxribatların xəbərçisidir. Ona görə də, məsələ Rusiya sülhməramlılarının qarşısında ciddi şəkildə qaldırılmalı, Azərbaycan qanunlarına zidd fəaliyyətin qarşısı alınmalıdır”.