Sumqayıt avtobuslarının kart cəncəli: Sərnişinlər yeni kart alacaq?backend

Sumqayıt avtobuslarının kart cəncəli: Sərnişinlər yeni kart alacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində sərnişindaşımada kart sistemindən istifadənin dayandırılması barədə məlumat vermişdik.

Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları istifadəçilərə problem yaşadırdı, vətəndaşlardan gələn şikayətlərin ardı-arası kəsilmirdi. Bu problemin aradan qaldırılması üçün yeni validator aparatların sifariş verildiyi də bildirilir.

Qeyd edək ki, Sumqayıt şəhərinin ictimai nəqliyyatında bu il sentyabrın 28-dən kart vasitəsilə ödəniş tətbiq edilsə də, bu sistem özünü doğrultmayıb. Buna baxmayaraq sistemdən istifadə etmək üçün kifayət qədər sərnişin bu kartı almaq məcburiyyətində qalıb.

Məlumat üçün bildirək ki, sürücülər tərəfindən satılan kartı 2 AZN ödəniş etməklə əldə etmək olurdu.

Maraqlıdır, yeni kart sisteminə keçən avtobusların sərnişinləri yenidən kart alacaq?

NOCOMMENT.az xəbər verir ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov Teleqraf.com-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Rəis müavini bildirib ki, haqlı narazılıqlarla bağlı yeni qərar qəbul olunub: “İki aydan bir qədər çox müddətə avtobuslara yeni validator aparatlar quraşdırılacaq. Kartlarda olan bəzi problemləri aradan qaldırmaq üçün bu addım atılıb. Yeni aparatlar quraşdırılandan sonra əvvəlki kartların istifadəyə yararlı olub-olmadığı məlum olacaq. Əgər kart dəyişdirilsə, kimdə əvvəl istifadə olunan kartlar varsa, dəyişdirib yenisi veriləcək. Hətta ləğv olunan kartların balansında nə qədər pul varsa, həmin vəsait də ya yeni karta köçürüləcək, ya da həmin kart aktivləşdiriləcək. Yəni yeni kartlara keçilsə də, əlavə vəsaitə ehtiyac olmayacaq. Proses pul itkisi olmadan həyata keçiriləcək”.

Tofiq Saydumov deyir ki, yeni validator aparatlar quraşdırılandan sonra xətt üzrə bir neçə avtobusda sınaqdan keçiriləcək: “Yeni aparatların iş fəaliyyətinə bir müddət nəzarət olunacaq. Belə problem bir dəfə yaşandı, ikinci dəfəyə yol vermək olmaz”.

Yeni sistemin quraşdırılmasına nə qədər vəsaitin xərclənməsinə gəlincə, rəis müavini işin maliyyə tərəfindən xəbərsiz olduğun deyib: “Yeni aparatlar haradan alınması və neçəyə başa gəlməsi barədə məlumatım yoxdur”.