Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbdə ciddi maliyyə pozuntuları və qanunsuz fəaliyyətlərlə bağlı narazılıqlar artmaqdadır. Məktəbin idman müəllimi və eyni zamanda Həmkarlar İttifaqı sədri Quliyev Elgün tərəfindən bir qrup müəllim adına maddi yardım ərizələrinin yazıldığı bildirilir.
NOCOMMENT.az Bakunews.az.az-a istinadən xəbər verir ki, müəllimlərin sözlərinə görə, guya maddi vəziyyətlərinin ağır olması bəhanəsi ilə dörd nəfərin adına ərizə tərtib edilib və hər birinin hesabına 50 manat olmaqla ümumilikdə 200 manat vəsait köçürülüb. Lakin həmin vəsaitlərin müəllimlərin özlərinə çatmadığı, pulların direktor müavini Zöhrə Qurbanova və məktəbin hazırkı “direktoru” kimi çıxış edən Elşad Eyvazov tərəfindən mənimsənildiyi iddia olunur.
İddialara görə, Elşad Eyvazov bu məsələ ilə bağlı suallara “hara istəyirsiniz müraciət edin, mən deyəcəyəm ki, Quliyev Elgün bunu mənim xəbərim olmadan edib” cavabını verib.
Qeyd edilməlidir ki, ötən il Elm və Təhsil naziri cənab Emin Əmrullayevin əmri ilə Elşad Eyvazovun direktor vəzifəsinə xitam verilib. Buna baxmayaraq, o, 2025–2026-cı tədris ilində “təşkilatçı” vəzifəsi adı altında yenidən məktəbə qayıdıb. 69 yaşı tamam olmuş Eyvazovun hazırda qanunsuz şəkildə direktor otağında əyləşərək gündəlikləri öz imzası və möhürü ilə “direktor” kimi təsdiqlədiyi bildirilir.
Hazırda məktəbdə direktor əvəzi kimi Zöhrə Qurbanova fəaliyyət göstərir. Lakin müəllim kollektivi iddia edir ki, o, Elşad Eyvazovla birləşərək məktəbdə qanunsuz maliyyə əməliyyatlarına və daxili idarəetmədə özbaşınalığa yol verir.
Sakinlər və müəllimlər bu hallarla bağlı Elm və Təhsil Nazirliyinə, eləcə də aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər. Onlar tələb edirlər ki, Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlara son qoyulsun və məsul şəxslər barəsində tədbir görülsün.













