Son aylarda Sumqayıt şəhərində köşk biznesinin sürətlə genişlənməsi şəhər sakinləri arasında ciddi narahatlıq doğurur.
Xüsusilə ictimai istifadəyə açıq ərazilərin ticarət məqsədilə zəbt edilməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olur. Növbəti belə bir şikayət Sumqayıt şəhərinin 5-ci mikrorayon ərazisində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşən avtobus dayanacağı ilə bağlıdır.
NOCOMMENT.az xəbər verir ki, Sumqayit.tv-yə daxil olan məlumata görə, təxminən 2–3 gün əvvəl gecə saatlarında sözügedən dayanacaq ərazisinə ticarət köşkü gətirilərək quraşdırılıb.
Nəticədə dayanacaq öz funksiyasını itirib, sakinlərin sözlərinə görə, köşk elə formada yerləşdirilib ki, demək olar yaxınlıqda yerləşən reklam bilborduna söykənib. Eyni zamanda köşkün belə yerləşdirilməsi ərazidə təhlükəsizlik və şəhərsalma normalarının pozulması ilə bağlı suallar yaradır.
İddiaya görə, Sumqayıt kimi iri şəhərdə heç bir obyekt müvafiq icazələr olmadan quraşdırıla bilməz. Belə halların baş verməsi isə Sumqayıtda tikinti və yerləşdirmə proseslərinə nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar yaradır.
Bu baxımdan məsələ ictimai maraq doğurur və aidiyyəti qurumların məsələyə rəsmi münasibət bildirməsi zərurəti yaranır.













