Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə valideynlər və müəllimlər arasında ciddi narazılıq yaranıb.
NOCOMMENT.az xəbər verir ki, Admin.tv-yə daxil olan məlumata görə, məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rəhman Süleymanov rəhbərliyə gəldikdən cəmi bir ay sonra təhsil ocağında xoşagəlməz halların baş qaldırdığı iddia olunur.
Mənbələrin bildirdiyinə görə, məktəbdəki bəzi sinif otaqları repetitorluq fəaliyyəti üçün icarəyə verilir. İddiaya əsasən, hər otaq üçün ayda 100 manat məbləğində pul tələb olunur.
Bu, məktəbin tədris prosesinə, xüsusən də şagirdlərin bərabər təhsil hüququna zidd hesab edilir.
Daha da narahatedici məqam isə müəllimlər arasında aparıldığı deyilən “aylıq yığım” məsələsidir. İddialara görə, hər müəllimdən ayda 10 manat toplanır. Guya bu vəsait “yoxlama gəlməsin”, “məsələ bağlansın” kimi əsaslarla yığılır. Toplanılan pulu isə Göyçək Həsənova adlı şəxs toplayır. Müəllimlərdən bir neçəsi bu ödənişdən imtina etdikdə isə, onların müxtəlif yollarla təhdid edildiyi iddia olunur.
Valideynlər və pedaqoji kollektivin bir qismi bu vəziyyətdən ciddi narazıdır. Onlar hesab edirlər ki, təhsil müəssisəsi biznes obyektinə çevrilməməli, müəllimlər qorxu və təzyiq altında saxlanmamalıdır.
Hazırda məsələnin ictimai müzakirəyə çıxarılması və aidiyyəti qurumların – xüsusən də Abşeron-Xızı Regional Təhsil İdarəsi və Təhsil Nazirliyinin müdaxiləsi tələb olunur. Təhsil sahəsində belə halların baş verməsi, şagirdlərin və müəllimlərin mənəvi mühitinə birbaşa zərbə vurur.













