Son zamanlar sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında vəfat etmiş insanların görüntülərinin süni intellekt vasitəsilə canlandırılması halları yayılıb. Hətta bəzi şəxslərin bu cür videoları sifarişlə və ödəniş qarşılığında hazırlaması cəmiyyətdə etik, mənəvi və psixoloji narahatlıqlara səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, texnologiyanın inkişafı bu cür imkanlar yaratsa da, məsələ yalnız texniki deyil, eyni zamanda insanın ləyaqəti və xatirəsi ilə bağlıdır:
“Din birbaşa süni intellekt anlayışını işlətməsə də, qoyduğu ümumi prinsiplərlə bu cür hallara aydın mövqe göstərir. Quranda insanın şərəf və hörmətinin qorunması əsas dəyər kimi təqdim olunur. İnsan diri ikən də, vəfat etdikdən sonra da hörmətə layiqdir. Ölən şəxsin demədiyi sözləri demiş kimi, etmədiyi hərəkətləri etmiş kimi süni şəkildə təqdim edilməsi həqiqətin təhrifidir və bu, yalan və aldatma mənasına gəlir”.
İlahiyyatçı qeyd edib ki, İslam hüququnda “zərər vermək və zərərlə cavab vermək olmaz” prinsipi mövcuddur və bu, yalnız fiziki deyil, mənəvi və psixoloji zərərə də aiddir:
“Vəfat etmiş insanın görüntülərinin ailənin razılığı olmadan yayılması onların kədərini dərinləşdirə, mərhumun xatirəsini ictimai müzakirə obyektinə çevirə bilər. Klassik alimlər insanın şəxsiyyətini və namusunu onun malından belə üstün tutublar. Müasir alimlər də bu prinsipləri yeni texnologiyalara tətbiq edərək bildirirlər ki, texnologiya özü nə halal, nə də haramdır. Onu bu hala salan istifadə formasıdır”.
Əkrəm Həsənov vurğulayıb ki, bu cür görüntülərin kommersiya məqsədilə hazırlanması məsələni daha da ağırlaşdırır:
“Əgər süni intellekt mərhumun adından qazanc əldə etmək, diqqət çəkmək və ya ailənin razılığı olmadan istifadə olunursa, bu mənəvi baxımdan qəbulolunmazdır. Müasir psixologiya da göstərir ki, ölən insanların süni şəkildə “dirildilmiş” görüntüləri yas prosesinə mənfi təsir göstərə, insanın itki ilə barışmasını gecikdirə bilər. Din isə ölümü qəbul etməyi, mərhumları dua və xatirə ilə anmağı tövsiyə edir”.
Qeyd edək ki, ekspertlər və din xadimləri süni intellekt texnologiyalarının insan ləyaqətini alçaltmaq üçün deyil, cəmiyyətin xeyrinə və etik çərçivədə istifadəsinin vacibliyini vurğulayırlar. Ölən insanların xatirəsi ilə manipulyasiya edilməsi isə nə dini, nə də insani baxımdan doğru hesab edilmir. /demokrat.az/













