Suraxanı rayonu, Yusif Eyvazov küçəsi 4048/49 ünvanında yerləşən binada yaşayan sakinlər köhnə və qəzalı vəziyyətdə olan liftlərlə bağlı saytımıza şikayət ünvanlayıblar.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, liftlər artıq istismar müddətini başa vurub və təhlükəli vəziyyətdədir. Liftlərin tez-tez sıradan çıxması, insanların içində qalması və qəza riski yaratması gündəlik həyatı çətinləşdirir.
“Yaşlılarımız, xəstələr və uşaqlar üçün bu vəziyyət dözülməz hal alıb. Bakı Lift-Təmir İstehsalat Birliyi ilə əlaqə saxlamaq üçün dəfələrlə cəhd etmişik, amma əlaqə saxlamaq mümkün olmayıb. Heç bir cavab verilmir, tədbir görülmür,” – deyə sakinlər bildirir.
Sakinlər vurğulayırlar ki, qəzalı liftlərin vəziyyəti gündən-günə pisləşir və bu, insan həyatı üçün ciddi təhlükə mənbəyidir. Aidiyyatı qurumlardan məsələni təcili olaraq həll etmələri tələb olunur.
Bu problem təkcə texniki məsələ deyil – sosial xarakterli təhlükəyə çevrilib. Sakinlər köhnə liftlərin təcili şəkildə yeni və təhlükəsiz liftlərlə əvəz olunmasını tələb edirlər.
Hazırda Bakı Lift-Təmir İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmayıb.
Mövzünü diqqətdə saxlayacağıq.
Elnur Quliyev