Suriya höküməti Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfər edib.
Səfər çərçivəsində Boqdanov Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşüb.
Boqdanovun sözlərinə görə, “Rusiyanın Suriyadakı mövcudluğunda heç bir dəyişiklik yoxdur və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər”.
Agentliyin məlumatına görə, danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yeni hakimiyyətə təhvil verməyi tələb edib.
Suriyanın SANA xəbər agentliyi isə bu gün bildirib ki, Dəməşq Rusiyadan “təzminat, yenidənqurma və bərpa işləri” təmin etməyi, həmçinin “keçmiş səhvləri nəzərə almağı və Suriya xalqının iradəsinə hörmət etməyi” tələb edib. Eyni zamanda, Suriyanın yeni hakimiyyət orqanları Əsədin geri qayıtması tələbini hələ rəsmən açıqlamayıb.