Suriyada müxalif “Heyət Təhrir eş-Şam” (HTŞ) yenidən fəallaşıb. İki gündür Hələb və İdlib istiqamətində ağır döyüşlərin getdiyinə dair xəbərlər yayılır. Bu, 2020-ci ilin martında Türkiyə ilə Rusiya arasında əldə edilən razılaşmadan sonra Bəşşar Əsəd hakimiyyətinə qarşı ilk böyük hücum sayılır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hər iki tərəfdən çoxlu sayda itkinin olduğu bildirilib. Məlumata görə, HTŞ gücləri Hələb şəhərinin mərkəzinə doğru irəliləyir. Hələb və İdlib bölgələrində rejimə qarşı qüvvələr 400 kv km-lik əraziyə nəzarət edir. Bundan əvvəl isə ora Əsədə aid silahlıların nəzarətində olub.
İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunları komandanının müşaviri, briqada generalı Kiyamərs Purhaşimi də həmin döyüşlərdə ölüb.
Bu, sübut edir ki, Tehran hakimiyyəti Suriyanın ərazi bütövlüyünü müdafiə adı altında Bəşşar Əsəd rejimi tərəfdən müxalif qüvvələrə qarşı vuruşur.
Sepahın informasiya mənbələrinin yaydığı məlumata görə, İran Türkiyəyə Suriyanın daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib. Tehran iddia edir ki, Rusiya və İslam Respublikası “Suriya hakimiyyətinin icazəsi əsasında” (yəni Bəşşar Əsəd rejiminin) bu ölkədədirlər.
Əsədə məxsus təhlükəsizlik mənbələri isə bildirib ki, HTŞ-nin mövqelərinə zərbə endirmək üçün İran və Rusiya Suriyaya hərbi texnika, “Fateh-110” və “Skad” raketləri, təlimatlandırılmış suriyalı texniklər göndərəcək.
HTŞ nədir? Bu, Suriya Qurtuluş Hökumətinə bağlı, Əsəd hakimiyyətinə qarşı bir siyasi-silahlı qruplaşmadır. “Tahrir el-Şam”, yaxud “Şam (Dəməşq) Qurtuluş Heyəti 2017-ci il yanvarın 28-də “Cəbhe-Fetih əl-Şam” (keçmiş adı əl-Nusra Cəbhəsi), “Ensaruddin Cephesi”, “Ceyşu’s-Sünne”, “Liva əl-Hak” və Nurəddin Zəngi Hərəkatı qruplarının birləşməsi nəticəsində qurulub.
Birləşməni hazırda “Cəbhə Fətih əl-Şam” və keçmiş “Əhrar əl-Şam” liderləri idarə edir. Yüksək Komandanlıq isə başqa qruplar tərəfindən formalaşıb. 2020-ci ildə onun sıralarında 15 minədək döyüşçü olduğuna dair məlumat var. 2017-ci ildən HTŞ-nin komandanı və rəsmi lideri Əbu Məhəmməd əl-Cevlanidir.
ABŞ, Kanada, Türkiyə onu terror qruplaşması kimi tanıyır.
Döyüşlər Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi Afrin bölgəsinə yaxın ərazidə gedir. Ölkənin Milli Müdafiə Nazirliyi bildirib ki, Suryanın şimalındakı qarşıdurmanı yaxından izləyirlər. Məlumatlara görə, döyüşlərdə Milli Azadlıq Cəbhəsi və Ceyşül İzza da iştirak edir.
Bütün bunlar niyə indi başlayıb? Bildirilib ki, iranyönümlü “Hizbullah”, Əsədə bağlı silahlılar, Rusiya hərbçiləri son həftələr İdlibin cənubunda mülki sakinlərə hücumlar edirmişlər.
Türkiyə müxtəlif beynəlxalq toplantılarda Suriyadakı rejim ordusunun və başqalarının hücumlarının qarşısının alınmamasından şikayət edib. Ancaq qarşı tərəf İran, Bəşşar Əsəd, “Hizbullah”, Rusiya bu istiqamətdə addım atmayıb.
Türkiyədən bildirilib ki, İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatları regionda gərginliyi artırmamaq üçün müxalif qrupların təşkil etmək istədiyi əməliyyatların qarşısını noyabrın 27-dək alıb.
İran, Rusiya və Bəşşar Əsədə aid mənbələr döyüşün başlamasında Türkiyəni ittiham edirlər.
Qazaxıstanın Astana şəhərində Türkiyə, Rusiya və İran idlib və Hələblə bağlı razılaşma əldə etmişdi. Həmin anlaşmaya əsasən, bu bölgələrdə heç bir əməliyyat aparılmayacaq. Türk və rusiyalı hərbçilərdən ibarət patrul xidməti fəaliyyət göstərəcək.
Ancaq İsraillə Livan arasında qarşıdurma Suriyadakı vəziyyətə təsirsiz ötüşmür. İran hakimiyyəti Bəşşar Əsədin adından sui-istifadə edərək bu ölkə ərazisindən İsrailə qarşı təzyiq vasitəsi olaraq istifadə edir. Elə Sepahın bir neçə generalı və yüksək rütbəli hərbçisinin Ərəb Respublikasında silahlı qarşıdurmada, yaxud İsrailin hava hücumu nəticəsində ölməsi faktları da bunu təsdiqləyir.
Tehran Əsədin onu dəvət etməsini əsas göstərməklə bu ölkədə törətdiyi əməllərə qanuni don geyindirməyə çalışır. Halbuki, əhalisinin az qala yarısı didərgin vəziyyətdə yaşayan ölkədə keçirilən, Bəşşar Əsədin prezident postunda qalmasını təmin edən “seçki” beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onun tanınması Suriyada qalmaq üçün Tehran və Moskvanın işinə yarayır.
Bu baxımdan, Tehranın Ankaranı ittiham etməsi əsassızdır. İraq və Suriyada cəmləşən PKK kimi terrorçu qruplaşmaları Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edir. Mərkəzi hakimiyyətin olmaması, yaxud alayarımçıq rejim ölkə ərazisinə tam nəzarət edə bilmir. Deməli, ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini terrorçulardan qorumaq Türkiyənin hüququdur.
İran Suriyada həm də ABŞ-nin hərbi mövqelərinə zərbə endirir. Məlumatlara görə, noyabrın 26-da ölkənin şimal-şərqindəki Həsəkə vilayətinin Əş-Şəddadi yaşayış məntəqəsi yaxınlığında yerləşən ABŞ hərbi bazası atəşə tutulub.
Hələb və İdlib istiqamətindən müxalif qüvvələrin fəallaşması perspektivdə PKK terror qruplaşmasının həmin bölgələrdə irəliləməsinə də mane ola bilər.
Livanla atəşkəsdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu Suriyadakı rejimini “odla oynamamağa” çağırmışdı. İsrailə PKK-nın Suriyadakı qollarına müsbət münasibəti məlumdur. Ona görə də ehtimal etmək olar ki, perspektivdə bəhs etdiyimiz istiqamətdə onların nəzərdə tutduqları planı noyabrın 27-də Əsədə müxalif HTŞ pozub.
“Hizbullah” İsrailə qarşı müharibə aparanda Bəşşar Əsəd müəyyən mənada kölgədə qalmışdı. Hətta bəzən elə görünürdü ki, o, Tehranla eyni mövqedə deyil. Ancaq Livanla əldə edilən atəşkəs yenidən Suriya, o cümlədən Əsəd məsələsini aktuallaşdırır. Çünki bu ölkədən yəhudi dövlətinin təhlükəsizliyi təhdid edilir.
Bəşşar yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün noyabrın 27-də Moskvaya səfər edib. Bu, onun cari ildə Rusiyanı üçüncü ziyarətidir.
Ona görə də belə düşünmək olar ki, “Hizbullah” və HƏMAS-dan sonra növbə Bəşşarındır. HTŞ-nin hücumu da buna siqnal sayılır.